Neftçalada 29 sahibkara güzəştli kredit verilib

Neftçalada 29 sahibkara güzəştli kredit verilib

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini oktyabrın 29-da Neftçala rayonunda keçirib.

Tədbirdə Neftçala və ətraf rayonlarda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Hacıqabul rayonundakı "Yurd El" MMC-yə məxsus tutumu 2 min ton olan, Salyan rayonunda "Ələddin Fermer" MMC-yə məxsus tutumu 5 min ton olan müasir soyuducu anbar komplekslərinin fəaliyyətinə, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının inşa etdirdiyi tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksində aparılan tamamlama və 2400 başlıq südlük istiqamətli cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkə başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda iqtisadiyyatın bütün sahələrində, o cümlədən sənaye və kənd təsərrüfatında da əsaslı irəliləyişə nail olunduğunu bildirib.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən birinə çevrilmiş regionların sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayıblar.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Qorxmaz Əfəndiyev sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iş adamlarının maarifləndirilməsi, onlara nəzəri-praktiki biliklərin aşılanması istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, Fond 2010-cu ilin ötən dövründə 1142 sahibkara 90 mln. manatdan çox güzəştli kredit verib. Bu kreditlər hesabına 4400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i respublikanın regionlarının payına düşür.

Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Neftçala və ətraf rayonlarda fəaliyyət göstərən 29 sahibkarlıq subyektinə 350 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 55 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini digər rayonlarda da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə