Data Plus da artıq Delta Telecom-dan internet almır ŞƏRH

Data Plus da artıq Delta Telecom-dan internet almır ŞƏRH

Data Plus da artıq Delta Telecom-dan internet almır. Görünür, bəkbon provayderlər ( birbaşa beynəlxalq şəbəkəyə qoşulan operatorlar) arasında rəqabət güclənir. Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, güman ki, 3-cü bəkbon provayderinin də yaxın zamanlarda internet bazarına buraxılacağı ilə bağlı mesajlar vəziyyəti ciddiləşdirib: “İstənilən halda bunlar ölkədə internetin dayanıqlığı və keyfiyyətin artması üçün müsbət təsir göstərəcək. Məlum oldu ki, artıq bu şirkət interneti ölkənin 2-ci backbone provayder (beynəlxalq operator) olan Azertelecom-dan almaq qərarına gəlib.

Güman ki, şirkətdə aparılan yeniləmələr də bununla bağlı olub. Əvvəllər bu şirkətin Delta Telecom-dakı payı kifayət qədər yüksək , təxminən 6.5 faiz idi. Data Plus regionlarda Aztelekom-dan sonra ən böyük şəbəkəyə və çoxsaylı müştərilərə malik olan provayderdir. Artıq ölkədə əsas internet təchizatçıları olan hər iki qurum, Delta Telecom və Azertelecom-un internet bazarındakı xüsusi çəkilərində ciddi dəyişikliklərin başlandığı müşahidə olunur. İndiyədək topdan-satış internet bazarında əsas üstünlük təxminən 70%-lə Delta Telecom-a məxsusdur.

Güman ki, Data Plus Azertelecom-a keçdikdən sonra bu şirkətin internet bazarındakı əvvəlki 30% xüsusi çəkisi daha da artacaq. Çünki Data Plus Azertelecom-a keçməzdən öncə, yuxarıda qeyd edildiyi kimi Delta Telecom -dan internet alan provayderlər arasında 6.5 % xüsusi çəkiyə malik idi. Hazırda isə statistikada bu rəqəm 0 % olaraq görsənir. Məlumdur ki, ölkədə son dövrlərdə internetin keyfiyyətində ciddi geriləmələr müşahidə olunur. Ekspertlər bu problemlərin həm də internet bazarındakı rəqabətin yetərli olmaması ilə izah edirlər.

Onu da qeyd edək ki, Delta Telecom xeyli sayda provayderlərin şirkətə borclu olması ilə bağlı bir neçə dəfə açıqlamalar verib. Hazırda Data Plus-la Delta Telecom arasında borcla bağlı məhkəmə çəkişməsi də davam edir. Adı çəkilən şirkətlər isə məhkəmənin yekunu ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, bir müddət öncə ən iri provayderlərdən olan CityNet də Delta Telecom-dan ayrılaraq Azertelecom-a keçib. Yeri gəlmişkən qeyd edək ki, Strateji Yol Xəritəsində yaxın bir neçə ildə 3-cü backbone provayderin (beynəlxalq operatorun) da internet bazarına daxil olması nəzərdə tutulub”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə