Evlərin qiyməti manatın, stabil qalmasından birbaşa asılı olacaq AÇIQLAMA

"Son bir ildə dünya bazarında 3.75 faiz bahalaşan qızılın 1 qramı hazırda 42 dollara yaxın təklif edilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu hər unsiyanın qiymətinin 1300 dollar olması deməkdir: "Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır. Məhərrəmlik ayının başlaması ilə bağlı olaraq Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq daxil bazarda qızıla tələb yenidən yüksələcək və bu da qiymət artımlarına gətirib çıxara bilər".

Vüqar Bayramov qeyd edib ki, daşınmaz əmlak bazarında evlərin qiymətinin artması və ya artacağı ilə bağlı açıqlamalara baxmayaraq mənzil bazarında durğunluq davam edir: "Xatırlayırsınızsa yayda avqust ayında mənzillərin qiymətinin artacağı proqnozlaşdırılan zaman bunun real olmadığını bildirmişdim. Reallıqda hələlik mənzil bazarında tələb aşağı olaraq qalmaqdadır. Evlərin qiyməti manatın hansı müddət stabil qalmasından birbaşa asılı olacaq. Əgər milli valyutamız ili stabil başa vura bilərsə o zaman gələn ildən mənzil bazarında canlanmanın müşahidə edilməsi mümkündür. Bu halda xarici valyutada olan yığımların bir qisminin daşınmaz əmlak bazarına yönəldiləcəyi gözləniləndir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə