“Körpə Zəhranın faciəli ölümü yalnız içində Qarabağ dərdini yaşayan azərbaycanlılar üçün deyil, millətindən, dinindən asılı olmayaraq körpə ölümünə acıyan normal düşüncəli bəşər insanı üçün də üzüntü yaratdı. Cəmiyyətin məsələyə reaksiyası da anlaşılan və yerində oldu. Hər kəs öz imkanları daxilində öz duyğularını, düşüncələrini, etirazını ortaya qoymağa çalışdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, burada həm səmimi şəkildə Zəhranın ölümünü dünyaya çatdırmaq işinə qoşulmuş insanları da, populist yanaşma sərgiləyənləri də təqdir etmək lazımdır, çünki Azərbaycanın haqlı davasının təbliği baxımından hər birinin hansısa məqamda faydası ola bilər: “Ancaq bir sıra yanaşmalar var ki, bunların daha dəqiq cilalanması daha məqsədəuyğun olardı. Məsələn, qızının ölümündən sonra Zəhranın atasının işlə təmin olunması barədə məlumatın tirajlanmasına xüsusi zərurət yoxdur. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı kimi onun işlə təmin olunması yaxşı haldır, burda kimin rolu olubsa Allah ondan razı olsun, ancaq mətbuatda bu tirajlananda bir qədər fərqli rezonans verə bilər. İmkan varsa, bütün işsiz Azərbaycan vətəndaşları işlə təmin olunmalıdır, buna görə illah da kiminsə övladının ölümünü gözləmək lazım deyil ki?! Yerlərdə səlahiyyətli şəxslər işsiz insanların hamısının məşğulluğu üçün yollar axtarmalıdırlar, sahibkarları təşviq etməlidirlər ki, qalıcı iş yerləri açsınlar, yaxşı maaş versinlər ki, insanlarımız dolanışıq sıxıntısı çəkməsinlər. Vətənpərvərlik- hər kəsindir. Vətənin bu günü və gələcəyi üçün imkan və bacarığını başqasının həyatına boylanmadan fədakarlıqla ortaya qoymasıdır. Yoxsa, "qonşum əsgərlikdən yayınırsa, o zaman mən də əsgər getmirəm", yaxud da "niyə filan varlının oğlu ölmür, mənim oğlum şəhid olur" mühakiməsi ilə məsələyə yanaşsaq, özümüzə aid olan məsələlərin həllindən yayınmağa istənilən bəhanə tapmaq çətin deyil ki.
Körpə Zəhranın ölümü ilə Qarabağla bağlı dünyanın aparıcı güclərinin siyasəti dəyişməyəcək, ancaq bizim düşməni ifşa kampaniyamız üçün birlikdə hərəkətimiz, yardımlaşmamız üçün, beynəlxalq arenada işğalçı dövlətin vəhşiliyini ifşa etmək üçün mövcud arqumenti doğru tirajlamaq, eşitməyən qulaqlara çığırmaq imkanımız yaranıbsa, o zaman hədəfdən yayındırıcı işlərlə məşğul olmağa dəyməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB