Vüsal Qasımlı: “Azərbaycan Nabuccoya nisbətən AGRİ yolu ilə Rusiyanın daha az mənfi reaksiyasını qazanmış olur” - MÜNASİBƏT

Vüsal Qasımlı: “Azərbaycan Nabuccoya nisbətən AGRİ yolu ilə Rusiyanın daha az mənfi reaksiyasını qazanmış olur” - MÜNASİBƏT

"Mənə elə gəlir ki AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi Azərbaycan üçün bir neçə istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Əvvəla Azərbaycan ilk dəfə olaraq Avropa bazarına yeni nəql texnologiyası, sıxılmış qaz çıxarmaqla gündəmə gəlir". Bu sözləri iqtisadçı ekspert Vüsal Qasımlı SİA-ya açıqlamasında deyib.

Sıxılmış qaz nəqlini gələcəyin texnologiyası adlandıran V.Qasımlı bildirib ki, bu texnologiya Azərbaycana təbii qazı daha əlverişli üsulla Avropa bazarına çatdırmaq imkanı verəcək.

Onun sözlərinə görə, bu baxımdan da AGRİ layihəsi ölkəmiz üçün çox əhəmiyyətlidir və Azərbaycan onun iqtisadi səmərəsini yaxın gələcəkdə görəcək. Layihənin digər əhəmiyyətli tərəfinə toxunan iqtisadçı ekspert: "İndiyə qədər Nabucco layihəsi Azərbaycanın Avropaya alternativi görünməyən qaz nəqli vasitəsi kimi çıxış edirdi. Amma indi Azərbaycan yeni bir marşrut, metoddan istifadə etməklə təbii qazını Avropa bazarlarına çıxarırsa, bu Nabucconun tərəfdarlarını da düşünməyə vadar edir. Onlar başa düşürlər ki Azərbaycan Nabuccodan asılı ölkə deyil və bu Azərbaycanın Nabucco danışıqlarında mövqeyini daha da gücləndirir. Azərbaycan Nabuccoya qoşula bilər. Sadəcə Azərbaycan Avropa bazarına digər bir marşrutla gündəmə gəlmək, bu istiqamətdə konkret müqavilələrlə çıxış və yeni nəql metodlarından istifadə etməklə Nabuccodan bir o qədərdə asılı olmadığını göstərir. İndi Nabucconun tərəfdarları Azərbaycan barədə daha ciddi fikirləşəcəklər. Azərbaycan Nabucco kəmərinə qaz satışınan irəli gələn qiymət, tranzit, bazarlara çıxma şərtləri, onun maliyyələşməsi məsələsində daha əlverişli yer tutacaq. Azərbaycan AGRİ yolu ilə Nabuccoya nisbətən Rusiyanın daha az mənfi reaksiyasın qazanmış olacaq. Çünki Nabucco daha iri miqyaslı layihədir və bu layihə Xəzər hövzəsinin, Orta Asiyanın, İranın qaz ehtiyatlarını Rusiyanın nəzarətindən kənar Avropa bazarına çatdırmağı nəzərdə tutub. AGRİ layihəsinin Rusiyanın nəzarətindən kənar marşrutla Avropa bazarına istiqamətlənməsinə baxmayaraq bu layihə Nabuccoya nisbətən Rusiyanın daha az mənfi reaksiyasına səbəb olacaq. Bu da bizim üçün üçüncü bir dividentdir",- deyə qeyd edib.

Layihələrin rəqabət məsələsinə gəlincə iqtisadçı ekspert onları rəqib layihə kimi görmədiyini dilə gətirib. O deyib ki, Azərbaycanın Nabucco layihəsinin marşrut tutumunu təmin edən qaz ehtiyatları var. Onun sözlərinə görə, sözügedən layihələr rəqib deyil, bir-birini tamamlayan layihələrdir. AGRİ layihəsinin həm qaz istehlakçıları, həm də qaz satıcıları üçün sərfəli olduğunu söyləyən V.Qasımlı deyib ki, belə olan təqdirdə nə istehlakçılar, nə də satıcılar bir kəmərdən, yəni Nabuccodan asılı vəziyyətdən qalmayacaqlar: "Onlar devirsifikasiya olunmuş kəmər, nəql marşrutlarından istifadə etməklə qazı bir məntəqədən yəni Xəzər hövzəsindən Avropa bazarına çatdırılmasını təmin edəcəklər. Bu da hər iki tərəfə xeyrlidir",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə