Mənzil bazarında nə baş verəcək? AÇIQLAMA

Mənzil bazarında nə baş verəcək? AÇIQLAMA

Mənzil bazarında qiymətlərin qalxması və ya aşağı olması son günlər hər kəsi maraqlandıran aktiv məsələlərdən biridir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bəzi internet portallarında son 3 ildə davamlı olaraq qiymət artımlarının olduğunun bəyan edilməsinə baxmayaraq bu ilin ilk aylarında qiymət artımlarının olduğunu söyləmək mümkün deyil: "Əksinə, son 3 ildə qiymətlərin xüsusən də dollar ifadəsində azalması müşahidə edilib. Doğrudur, mənzil satışı ilə məşğul olan bir sıra şəbəkələşmiş şirkətlər və ya ofislər süni şəkildə qiymət artımlarına çalışsalar da belə tələbin azlığı fonunda bu uğurlu olmayıb".

Vüqar Bayramov qeyd edib ki, mənzil bazarında qiymətlərin dəyişməsi bir neçə amildən ibarət ola bilər: "Əvvəllər qeyd etdiyim kimi, mənzillərin qiyməti birbaşa manatın bazar dəyərinin formalaşmasından asılı olacaq. Bir tərəfdən, mənzil almaq istəyən sayı az olmayan vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib ev almağı düşünürdülər, digər tərəfdən isə manat stabillik əldə edə bilərsə bu sektorda yığım-yatırımların həcmini artıra bilər. Manatın stabilliyinə nail olmaq mümkün olsa da pulunu xarici valyuta saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər ki, bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər".

Vüqar Bayramov bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verənlərin sayının azalacağını ehtimal edir. Bu baxımdan, əgər bu ilin birinci yarısında manat stabil qalarsa, o zaman ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır. Təbii ki, bu halda tələbin artması baş versə də belə 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir. Çünki formalaşmış təklif ilə tələb arasında uçrum çox böyükdür. Bunun optimallaşması zaman tələb edilir. Amma əgər manatın stabilliyinə nail olmaq mümkün olmazsa o zaman növbəti aylarda da mənzil bazarındakı durğunluq qalacaq. Bununla belə, valyuta bazarı stabilləşərsə və bu kontekstdən tələb artarsa o zaman 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə