"Azərbaycan prezidentinin Qətərə səfəri hər iki ölkənin milli və mənəvi iqtisadi maraqlarına uyğundur. Bu səfərin nəticə etibarı ilə həm ticarət dövriyyəsinin genişlənməsi, həm qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, həm də turizm, logistika, xidmət sahələrində əməkdaşlığın gücləndirilməsi kimi pozitiv nəticələrinin olacağı gözlənilir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Qətərin Azərbaycan üçün vacib ölkələrdən biri olduğunu deyən ekspert bildirib ki, ölkə başçısının Qətərə səfəri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq: "Bildiyiniz kimi, Qətər inkişaf etmiş ölkədir. Qətər ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünyada birinci yerdə qərarlaşıb ki, bu, birbaşa onun iqtisadiyyatının enerji üzərində qurulsa belə, geniş inkişaf etməsi ilə bağlıdır"..jpg)
V. Bayramov söyləyib ki, Qətər, eləcə də körfəz ölkələri Azərbaycan üçün həm bazar, həm də investor olaraq yenidir: "Qətər-Azərbaycan arasında münasibətlər son dövrlər inkişaf etməyə başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə bu ölkələr arasında ticarət dövriyyəsi 2014-cü illə müqayisədə təxminən 44 faiz artıb".
İqtisadçı-ekspert əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycanın qida və kənd təsərrüfatı məhsullarının Qətərə ixracatı baxımından da vacibdir: "Bu, Azərbaycan fermer və sahibkarlara Qətər ölkələri bazarında çıxış əldə etmək imkanı verməklə yanaşı, ölkəmizin Qətərdən investisiyalar cəlb etmək üçün də geniş şərait yaradacaq. Qətər investisiya potensialı olan ölkədir və Azərbaycanın da indiki dövrdə investisiya ehtiyacları var. Bu kontekstdən Qətər Azərbaycan üçün prioritet ölkədir. Digər tərəfdən burada strateji əməkdaşlıq məsələləri də var. Azərbaycan Qətər vasitəsilə digər körfəz ölkələrinə çıxış imkanları əldə etməklə əlaqələrini genişləndirəcək.Turizm sahibkarlıq, logistika sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəticə etibarı ilə hər iki ölkənin faydalanmasına səbəb olacaq".
Məlumat üçün nəzərinə çatdıraq ki, Azərbaycan prezidenti İlham Əliyev Qətərdə rəsmi səfərdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB