“Davos İqtisadi Forumu böyük əhəmiyyətə malikdir” AÇIQLAMA

“Davos İqtisadi Forumu böyük əhəmiyyətə malikdir” AÇIQLAMA

"Davos İqtisadi Forumu bütün dünya dövlətlərinin, eləcə də iri transmilli şirkətlərin rəhbərlərinin görüşdüyü meydança, platformadır. Bu baxımdan bu gün dünyanın 100-dən artıq şirkətinin bir araya gəlməsi böyük əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Əliyev deyib.

O bildirib ki, forumun əsas istiqamətlərindən biri dünya qlobal rəqabətlilik indeksinin hesablanmasıdır ki, Azərbaycan bu istiqamətdə əldə etdiyi nailiyyətlər artıq çox böyük göstəricilərdən biridir: "Bildiyiniz kimi bir neçə gün bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsi Forum iştirakçılarına ünvanlanmışdı. Orada qeyd olunurdu ki, Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizin bir neçə il bundan öncə həyata keçirdiyi hərtərəfli, sistemli siyasətin nəticəsidir. Təbii ki, bu məqalədə Azərbaycan prezidenti göstərir ki, ölkəmizin inkişaf konsepsiyası bundan sonra da yüksələn xətt üzrə öz əksini tapacaq. Məqalədə enerji sektoruna toxunularaq Azərbaycanın öz təşəbbüsü ilə həyata keçirdiyi Cənub Qaz Dəhlizi, eləcə də TAP/TANAP layihələrinin icrası öz əksini tapıb. Bundan başqa Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən tranzit potensialıdır ki, bu istiqamətdə Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi 2018-ci ildə başa çatması nəzərdə tutulub. Belə ki, əgər əvvəllər Çindən Avropaya əmtəələrin daşınması 30-35 günə nəzərdə tutulurdusa, bu layihə reallaşdıqdan sonra bu müddət 12-15 günə azaldılacaq. Bu Azərbaycanın tranzit istiqamətində böyük mövqeyə malik olmasının əsas göstəricilərindəndir. Bundan başqa, Azərbaycan Prezidenti tərəfindən Davos Forumuna ünvanlanan məqalədə Azərbaycanın sənaye sahəsinə nə qədər önəm verməsi haqqında da məlumat verilib. Yazıda göstərilir ki, təkcə 2018-ci ilədək texno-parkların tikintisinə, Sumqayıt Kimya və Sənaye Parkının inkişafı, tütünçülük, pambıqçılıq, fındıqçılıq, baramaçılıq və digər ixrac məhsullu sahələrin inkişaf etdirilməsinə təxminən 2 milyard dollara yaxın investisiya yatırılmalıdır. Bu da təbii ki, Azərbaycanın eksport potensialını və bu sahədə söz demək imkanın genişlənməsi deməkdir. Bu baxımdan Davos İqtisadi Forumu bir platforma olaraq sözügedən mesajların səsləndirilməsinə çox yaxşı şərait yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə