Mediasiya Şurası ilə biznesmenlərə açılan yol ŞƏRH

Mediasiya Şurası ilə biznesmenlərə açılan yol ŞƏRH

"Azərbaycanda Mediasiya Şurasının yaradılmasında əsas məqsəd kiçik və orta sahibkarlıq subyektləri arasında mövcud olan anlaşılmazlıqların aradan qaldırılmasında daha təkmil və eyni zamanda çevik mexanizm işlərinin hazırlanmasıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, sahibkarlıq subyektləri arasında olan problemlər bir çox hallarda məhkəmələr səviyyəsində uzun müddət həllini gözləyir və ya əlavə zaman tələb edir ki, bu da dövlət qurumlarının, məhkəmə sisteminin iş yükünün artmasına səbəb olur: "Hansı ki, sözügedən problemlər hansısa formada müzakirə və ya qarşılıqlı şəkildə izah edilə, sahibkarlara hüququ və ya informasiya yüklü dəstəyin təmin edilməsi yolu ilə tənzimlənə bilər. Lakin bunları izah edən xüsusi qurum olmadığı üçün sahibkarlar arasında anlaşmazlıqlar böyüyərək məhkəmələrə qədər uzanır. Bu da təbii ki, bu, sahibkar üçün əlavə vaxt və xərc itkisi ilə nəticələnir".

R. Həsənov qeyd edib ki, orta və kiçik sahibkarlıq subyektləri ilə bağlı problemlərin həllində çevikliyin artırılması mövcud olan hər hansı bir maneələrin daha tez və effektiv həll edilməsi, sahibkarların xərc yükünün azaldılması məqsədilə Azərbaycanda Mediasiya Şuralarının yaradılması bu işlərə müəyyən qədər dəstək göstərəcək: "Mediasiya Şuralarının yaradılması beynəlxalq təcrübədən götürülən bir yanaşmadır. Bir çox ölkələrdə buna oxşar qurumlar fəaliyyət göstərir. Azərbaycanda da belə şuraların fəaliyyət göstərməsi, demək olar ki, yeni formalaşmağa və təkmilləşməyə başlayan kiçik və orta sahibkarlıq subyektləri üçün biznes mühitini daha da müasir, institusional qurumlarla təchiz olunmuş şəklə gətirə bilər".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nə əsasən 2017-ci ildə Azərbaycanda Mediasiya Şurası yaradılacaq.

Yol xəritəsinə əsasən, gələn il mediasiya haqqında qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Mübahisələrin məhkəməyəqədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi üçün mediasiya haqqında qanunun qəbulu nəzərdən keçiriləcək. Qanunda mediasiyanın tətbiq dairəsi, məqsəd və prinsipləri, könüllülük və mediasiya tərəflərinin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi və qərəzsizliyi, mediasiya proseduruna müdaxilənin yolverilməzliyi və s.məsələlər əhatə olunacaq.

Qeyd olunur ki, mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Mediasiya Şurasının yaradılması nəzərdən keçiriləcək.Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaq. Şura haqqında əsasnamə hazırlanacaq, şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək.

Bu prioritetin icrası əsaslı investisiya qoyuluşu tələb etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə