Natiq Şirinov: "44704 vergi ödəyicisi "vergi amnistiyasına" düşəcək"
"Bir neçə ildir ki ölkəmizdə Vergi Məcəlləsi ilə bağlı ardıcıl dəyişikliklər aparılır. Bu dəyişikliklərin əsas ana prinsipi vergi güzəştlərinin daha genişləndirilməsi və ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasından ibarətdir. Bilirsiniz ki, 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək vergi məcəlləsində sahibkarlıq subyektləri üçün kifayt qədər güzəştlər nəzərdə tutulub ki, bu da investisiyanın tətbiqi, iqtisadi aktivliyin artırılmasına xidmət edir". SİA-nın xəbərinə görə, bunu Vergilər Nazirliyinin vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinin və bu qanun layihəsinin qüvvəyə minməsi ilə sahibkarların sərəncamında qalan kifayət qədər dövriyyə vəsaitləri onların iqtisadi aktivliyinin artırılmasına xidmət edəcək: "Burada vergi borcları əsasən iki hissəyə bölünüb. Birinci məsələdə vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış fazilərin silinməsi, ikincidə isə maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla silinməsindən söhbət gedir. Əvvəla qeyd edim ki, hesablanmış faizlər 2017-ci ilin 1 yanvar vəziyyətinə istisnasız olaraq silinməsi təklif olunur. Maliyyə sanksiyalarının tərkibindən asılı olaraq Vergi Məcəlləsinin 58.7-ci maddədə nəzərdə tutulan vergi sanksiyaları, bu daha çox nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyalarıdır ki, bunun da məbləğindən asılı olmayaraq silinməsi nəzərdə tutulur. Eyni zamanda, Vergi Məcəlləsində 58-ci və digər maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyalarının isə müəyyən ardıcıllıqla silinməsi nəzərdə tutulur ".
N.Şirinov əlavə edib ki, qanun layihəsi ümumilikdə 44704 vergi ödəyicisini əhatə edəcək ki, bunun 1037-si dövlət sektorunda, 43667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir: "Faizlərin silinməsi nəticəsində 386,4 milyon manat məbləğin silinməsi təmin olunacaq. Bunun da 125,5 milyon manatı dövlət sektorunun, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablaşmalarının qaydalarının aparılmasının pozulmasına görə, 6304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətinə silinməsi nəzərdə tutulur. Digər maliyyə sanksiyalarının silinməsi ilə bağlı mərhələli qeyd etdiyim kimi yanvar,fevral və mart ayları ərzində ödənişlərinə adekvat olaraq qalan maliyyə sanksiyasının silinməsi nəticəsində 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək. Beləliklə, bu qanunun qüvvəyə minməsi nəticəsində qanun layihəsinin iqtisadi effektivliyi kimi 44704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq. Biz hesab edirik ki, bu məbləğin silinməsi vergi ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasına xidmət edəcək. Eyni zamanda, region üzrə strukturlara diqqət edəriksə, faiz məbləğlərinin silinməsi nəticəsində Bakı şəhəri üzrə 288,3 milyon manat faiz məbləğinin, regionlar isə 98 milyon manat faiz məbləğinin silinməsi təmin ediləcək. Qalan 237 milyon manat maliyyə sanksiyasına münasibətdə isə 138,5 milyon manat Bakı şəhərində qeydiyyatda olan vergi ödəyicilərinin, 98,5 milyon manat isə regionlarda qeydiyyatda olan vergi ödəyicilərinin maliyyə sanksiyasının silinməsi təmin olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB