Noyabrın 30-da Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində "İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək" Tvinninq layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikası vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, belə layihələr dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə həyata keçirilən modernizasiya siyasətinin və Azərbaycan ilə Avropa İttifaqı arasında olan səmərəli əməkdaşlığın real nəticəsidir. Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsinidaim diqqət mərkəzində saxlayır. S.Ələkbərov əlavə edib ki, Prezidenti İlham Əliyevin 2016-cı il 4 avqust tarixli Sərəncamına uyğun olaraq aparılan vergi sahəsində islahatlar da insan resurslarının davamlı inkişafını tələb edir. Bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza artıq yaradılıb. 27 ay davam edən Tvinninq layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa Vergi Administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrəniblər. Onun sözlərinə görə, bu müddət ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi, insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb, 2 kitab nəşr olunub. S.Ələkbərov layihə üzrə görülmüş və bundan sonra görülməsi nəzərdə tutulan işlərin ölkədə aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və vergi daxilolmalarının artımına öz töhfəsini verəcəyinə əminliyini diqqətə çatdırıb. Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin əməkdaşı Jeron Villeams bildirib ki, bu layihə Azərbaycanın vergi sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində atılan mühüm addımdır. O, Tvinninq layihəsinin vergi sisteminə xüsusi töhfə verdiyini deyib. İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jose Luis Dies layihənin çox uğurlu olduğunu deyib. Onun sözlərinə görə, İspaniya Azərbaycanda bir sıra layihələr həyata keçirir və ölkəsi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB