Noyabrın 22-də Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen Lənkəran səfəri çərçivəsində "Yaşıl çay" FT MMC-yə baş çəkib. SİA-nın məlumatına görə, xarici diplomatı çay plantasiyasında müəssisənin rəhbəri Araz Yağubov və başqaları qarşılayıb.
Araz Yağubov hörmətli qonağı salamlayaraq təsərrüfat barədə ətraflı məlumat verib. Baş tutan söhbət zamanı müəssisənin rəhbəri bildirib ki, sovetlər dönəmində İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. 2006-cı ildə yaradılan "Yaşıl çay" fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi vardır. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən "Kolxida" sortlundan ibarət çay plantasiyaları salınıb. Hazırda 61 hektarda çay plantasiyası mövcuddur. Təsərrrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımına başlanıb. Bu il 42 ha məhsul verən sahələrdən 90 ton yaşıl çay yarpağı yığılıb. Təsərrüfat başçısı "Kolxida" sortunun "Hind-Çin" sortundan həm məhsuldarlığı, həm də yarpaqlarında tanin maddəsinin çox olması ilə fərqləndiyini xüsusi qeyd edib. O, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmədiyini, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu, hazırda təsərrüfatın emal sexində "Buket", "Narın", "Gül çayı", "Feyxoa çayı" və "Premium" növ çayların emal edildiyini, həmçinin gələn il müəssisədə Azərbaycanda ilk dəfə olaraq bir neçə növ çayın istehsal edilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.
A.Yağubov bildirib ki, hazırda təsərrüfatda çay əkini gedir və yaxın gələcəkdə çay sahələrinin ümumi həcmini 100 hektara çatdıracaqlar.
Xarici diplomatla söhbət "Yaşıl çay evi"ndə çay süfrəsi arxasında davam etdirilib. Söhbət zamanı səfir Bard İvar Svendsenin suallarını cavablandıran Araz Yağubov ölkəmizdə aqrar sahənin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Diqqətə çatdırıb ki, dövlətimiz torpaq sahiblərini torpaq vergisindən savayı, bütün vergilərdən azad edib. Həmçinin hər əkilən hektara görə fermerlərə subsidiyalar verilir, alınan mineral gübrələrə, yanacağa 70 faiz güzəşt tətbiq edilir. "İnvestisiya təşviqi sənədi"nin verilməsi ilə sahibkar bütün vergilərdən azad edilir. Gələcəkdə çay haqqında xüsusi dövlət proqramının qəbulunun gözlənildiyini diqqətə çatdıran A.Yağubov bunun çayçılığın daha sürətli inkişafına səbəb olacağını qeyd edib.
Səfir Bard İvar Svendsen xoş qarşılandığına görə təsərrüfat rəhbərinə minnətdarlığını bildirib. Əlavə edib ki, burada istehsal edilən ekoloji təbii məhsulun xarici bazarlara, xüsusən də Avropa bazarlarına çıxarılması üçün hər cür şərait var və bu bazarda yer tutmaq üçün Avropa standartlarına diqqət yetirlməsi çox vacibdir.
Səfirlə plantasiya önündə xatirə şəkili çəkdirilib.
Axırda qonaqlara "Yaşıl çay" FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim olunub.
Sərraf Talıbov


.jpg)











Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB