Süni mayalandırılmış heyvanlara görə subsidiyalar veriləcək

Süni mayalandırılmış heyvanlara görə subsidiyalar veriləcək

Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) idarələrinin heyvandarlıq və informasiya texnologiyaları sahələri üzrə mütəxəssiləri üçün noyabrın 2-dən 4-dək təlim kursları keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazirliyin 60 idarəsinin əməkdaşlarının cəlb olunduğu təlimdə süni mayalandırılmış heyvanlar və bu yolla alınmış buzovlara görə veriləcək subsidiyalar üçün məlumatın "Elektron kənd təsərrüfatı" informasiya sisteminə (EKTİS) işlənməsi və bununla bağlı prosedurların informasiya sistemi vasitəsi ilə həyata keçirilməsi qaydaları öyrədilib. Təlimləri Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin təlim keçmiş əməkdaşları aparıb. Nazirliyin "Baytarlıq şəhərciyi"ndə müasir tələblərə uyğun qurulmuş təlim mərkəzində təlim prosesinin onlayn izlənməsi və iştirak edən əməkdaşların suallarının aidiyyəti mütəxəssislər tərəfindən distant yolla cavablandırılması üçün müvafiq texoloji imkanlardan istifadə edilir.

"Subsidiya və siyasətə dair informasiya sistemi"ndə süni mayalanma yolu ilə alınmış hər buzova görə veriləcək subsidiyanın məlumat bazasını yaratmaq üçün ölkə üzrə heyvan sahiblərinin (vətəndaşların, hüquqi və fiziki şəxslərin), süni mayalandırılmış heyvanların və doğulan balaların qeydiyyatı aparılacaq.

Qeyd edək ki, EKTİS-in yaradılmasında qarşıda duran əsas vəzifələrdən biri də heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılmasıdır. Süni yolla mayalandırılmış qaramal və doğulmuş balaların EKTİS-də qeydiyyatının aparılması heyvanların identifikasiyası və qeydiyyatı sisteminin başlanğıcı hesab edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə