Bu gün SOCAR ilə "ABAD xidmət" arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və "ASAN xidmət"lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi , sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlıq Sazişinin imzalanma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Inam Kərimov, şirkət və "ASAN xidmət" rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk çıxış edən Inam Kərimov söyləyib ki, Azərbaycanın iki milli brendi olan SOCAR ilə ASAN xidmət arasında imzalanacaq sənədlər gələcəkdə böyük uğurlara gətirib çıxaracaq: "ASAN xidmət yarandığı gündən SOCAR-la olan əməkdaşlığını genişləndirməkdədir. SOCAR ölkəmizin inkişafında əvəzsiz rol oynamaqla yanaşı, digər sahələr- kənd təsərrüfatı, səhiyyə, maliyyə üzrə böyük layihələrə imza atıb. Bu gün imzalanacaq sənədlər üçüncü milli brendimiz olan "ABAD xidmət"in yaranmasına nail olacaq".
Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev son illər neft strategiyası çərçivəsində qazanılan uğurlardan danışıb, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs edib. Ölkənin sosial-iqtisadi yüksəlişində əhalinin rifah halının yaxşılaşmasına mühüm rol oynayan Dövlət Neft Şirkəti ilə "ASAN xidmət" mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən R.Abdullayev 20 sentyabr - 10 oktyabr tarixləri aralığında ölkə ərazisində satışa çıxarılan SOCAR İstiqrazları layihəsinin böyük uğurla nəticələnməsində "ASAN xidmət"ın və onun əməksevər kollektivinin mühüm dəstəyindən danışıb.
O, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr tarixli müvafiq Fərmanı ilə "ASAN xidmət" in tabeliyində yaradılan "ABAD" - Ailə, Biznesinə Asan Dəstək Mərkəzlərinin rolunu yüksək qiymətləndirib. O bildirib ki, ABAD xidmət mərkəzləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, orta və kiçik sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçiriləcək, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq.
Sonra SOCAR ilə "ABAD xidmət" arasında Anlaşma Memorandumu və "ASAN xidmət " arasında Əməkdaşlıq Sazişini şirkət prezidenti R.Abdullayev və "ASAN xidmət" rəisi Inam Kərimov imzalayıblar.
Sonda SOCAR Istiqrazlarının təbliğ və təşviqinə göstərmiş olduqları yüksək fəallıq və məhsuldar əməkdaşlığa görə "ASAN xidmət"in bir qrup əməkdaş və könüllülərinə Şirkətin Fəxri Fərmanları və sertifikat təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB