Son illər respublikamızda həyatın bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunda, xüsusən aqrar sahədə də sürətli inkişafa nail olunmuşdur. Dövlət başçısının tapşırığı ilə kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası və inkişaf etdirilməsi sahəsinə diqqətin artırılması aqrar sahədə daha böyük uğurların əldə edilməsinə geniş imkanlar açır. İyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu barədə geniş söhbət getdi. Qeyd edildi ki, Azərbaycan qabaqcıl aqrar ölkəyə çevrilməkdədir. Kənd əməkçiləri son illər dövlətimizin qayğısını daha yaxından hiss edirlər. Onların problemlərinin həlli istiqamətində görülən tədbirlər zəhmətkeşlərin işgüzarlığını daha da artırır, onları yeni uğur və nailiyyətlərə həvəsləndirir.
Müsahibimiz Lənkəran rayonunda fəaliyyət göstərən "Yaşıl çay" fermer təsərrüfatı MMC-nin direktoru Araz Yağubov gündəlik fəaliyyətində bunu daha yaxından müşahidə edir.
-Araz müəllim, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev iqtisadiyyatın prioritet istiqamətləri ilə bağlı mühüm məqamlara toxunmuşdur. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
-Dövlət başçısı ölkədə sənayenin inkişafı, kənd təsərrüfatında artımın olması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı planlarını açıqladı. Cənab Prezident regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verərkən vurğuladı ki, Azərbaycan dünya böhranı şəraitində inkişaf edir və hər bir sahədə konkret proqramlar, nəticələr var. Ötən altı ayın nəticələri isə göstərir ki, 2016-cı ili də uğurla başa vuracağıq. "2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq". Dövlət başçısı, həm də orta və kiçik sahibkarlığın inkişafına dəstəyin güclənəcəyini söylədi. Möhtərəm Prezidentin fikrləri biz kənd təsərrüfatında çalışan iş adamları üçün xüsusi önəm daşıyır. Bu iclasda verilən istiqamətlər dövlətimizin aqrar sahə ilə bağlı planlarının uzunmüddətli və davamlı olmasından xəbər verir. Bu, əlbəttə bizi daha həvəslə işləməyə ruhlandırır. Nazirlər Kabinetinin iclasının materialları rayonumuzda da böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasəti layiqincə yerinə yetirən Lənkəran sakinləri rayonun inkişafına, lənkəranlıların həyat və məişətinə dövlətimizin göstərdiyi diqqəti yüksək dəyərləndirirlər. Biz hər bir sahədə sosial-iqtisadi inkişaf planlarının necə ardıcıllıqla həyata keçirildiyini görür və alqışlayırıq. Aqrar sahədə çalışanlar arasında böyük ruh yüksəkliyi hökm sürür və biz cənab Prezidentin həyata keçirdiyi aqrar siyasət kursunu yerlərdəki fəaliyyətimizlə dəstəkləyirik.
-Təsərrüfatınız haqqında nə deyə bilərsiniz? Ötən müddətdə hansı irəliləyişlərə nail olmusunuz?
-Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən faydalanaraq 2006-cı ildə Azərbaycanda çayçılığın yenidən bərpa olunması və bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə "Yaşıl çay" fermer təsərrüfatını yaratmışıq. İlk gündən çayçılıqla yanaşı, çayçılığı ayaqda saxlamaq üçün heyvandarlığı da inkişaf etdirmişik. Bu sahədən əldə etdiyimiz gəliri çayçılığın inkişafına yönəldirik. Hazırda fermamızda iribuynuzlu heyvanların sayını 300 başa çatdırmışıq. İndiyədək 61 hektrada çay plantasiyası salmışıq. 2011-2012-ci illərdə salınmış 42 hektar çay plantasiyasından ötən il ilk dəfə seçmə üsulu ilə çay yarpağı yığılmışdır. Sahələrimizin hələ cavan olmasına baxmayaraq, plantasiyalardan bol məhsul gözləyirik. Bu il aprel ayının sonlarından yaşıl fleşlərin yığımına start vermişik. Birinci yığımda 26 ton, ikinci yığımda isə 20 ton "yaşıl qızıl" yığmağa müvəffəq olduq. Bütün yığılan məhsul əla növ kimi qəbul edilmişdir. Məhsulun bir hissəsi çay emalı seximizdə hazırlanıb qablaşdırılmışdır. Böyük zəhmətin hesabına yetişdirdiyimiz sahələrdən yığılan yaşıl zərif yarpaqlar bizi nə qədər sevindirsə də, yığılan məhsulun emal müəssisələri tərəfindən aşağı qiymətlərlə satın alınması inkişafımızı ləngidən səbəblərdəndir.
Qeyd etməliyəm ki, fəaliyyətimiz dövründə cənab İlham Əliyevin, yerli icra rəhbərliyinin diqqət və qayğısını daim hiss etmişik. Kənd təsərrüfatının intensiv inkişafında suvarmanın rolu danılmazdır. Bu cəhətdən də bəxtimiz gətirib. Vaxtilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə tikilmiş Yuxarı Xanbulançay su dəryaçası təsərrüfatımızın yaxınlığında yerləşir. Meliorasiya və Su təsərrüfatı ASC-nin, onun rayon təşkilatının əməkdaşları ən çətin vaxtlarda köməyimizə çatırlar. 2015-ci ildə isə Yuxarı Xanbulançay su dəryaçasından plastik borularla 2200 metr uzunluğunda su xətti çəkilərək plantasiyalarımızda quraşdırılmış qapalı suvarma şəbəkəsinə birləşdirilmişdir. Buna görə, ölkə rəhbərliyindən, Meliorasiya və Su təsərrüfatı ASC-nin kollektivindən çox razıyıq.
-Araz müəllim, təsərrüfatınızın nəzdində çay emalı sexi də fəaliyyət göstərir...
-Bəli, 2015-ci ildə mini emal sexi quraşdırımışıq. Ötən ildən başlayaraq "Lənkəran çay" brendi altında bir neçə növdə yüksək keyfiyyətli quru çay istehsal edirik. "Buket", "Gül çayı", "Narın çay", "Feyxoa çayı" alıcılar və mütəxəssislər tərəfindən bəyənilmişdir. İlk dəfə müəssisəmizdə istehsal edilmiş "Feyxoa çayı" Moskva şəhərində elmi-tədqiqat laboratoriyasında tədqiq edilmiş və ən yüksək qiymətə layiq görülmüşdür. Bu il isə yeni "Premium", "Ekstra" çaylarının istehsalına başlamışıq. Artıq çaylarımız respublikamızda təşkil edilən bir sıra sərgilərdə nümayiş olunmuş və layiqincə qiymətləndirilmişdir. Onu da bildirməliyəm ki, plantasiyalarımızda mineral gübrələr əvəzinə, fermamızda yaranan üzvi gübrələrdən kompost hazırlayaraq çay kollarına veririk. Sahələrimizdə pestisid və digər kimyəvi preparatlardan istifadə edilmir. Xanbulançay su dəryaçasının bulaqlardan gələn suyu ilə suvarılan plantasiyalarda, həqiqətən, ekoloji cəhətdən təmiz, insan orqanizmi üçün faydalı çay məhsulu istehsal edilir. Lakin seximizin istehsal gücü aşağı olduğundan sahələrimizdən yığılan əla növ yaşıl çay yarpağını tam emal edə bilmirik. Məcburiyyətdən məhsulu böyük emal müəssisələrinə satmalı oluruq. Lakin onların təklif etdikləri qiymətlər çox aşağıdır. Belə ki, yığılan hər kiloqram yaşıl çay yarpağının maya dəyəri 4-5 manata başa gəldiyi halda, fabrik onu 1manat 15 qəpikdən yuxarı qiymətə qəbul etmir. Müəssisəmizin nəzdində emal fabrikini yaratmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciətimiz dərhal nəzərə alınmış, yaratmaq istədiyimiz çay emalı müəssisəsinin layihə-smeta sənədlərinin təsdiqi barədə yubanmadan sərəncam verilmişdir. Lakin fabrikin inşası üçün müvəkkil banklardan istədiyimiz güzəştli kredit üçün Bakıda ikiqat məbləğdə daşınmaz əmlakın girov kimi tələb edilməsi əl-qolumuzu bağlayıb. Halbuki, bu emal müəssisəsinin yaradılması ilə ekoloji cəhətdən yüksək keyfiyyətli quru çay istehsalını artırmaqla yeni iş yerləri yaradar, işçilərimizin əmək haqlarını yüksəldər, nəinki ölkə, həmçinin xarici bazarlara hazır məhsulumuzu çıxarmaqla ölkəmizin valyuta ehtiyatlarının artımına töhfələr vermiş olardıq. Çünki xarici ölkələrdə ekoloji cəhətdən təmiz olan məhsulumuza tələbat çoxdur və artıq bununla bağlı bizə təkliflər də gəlməkdədir. Lakin ümidimizi itirməmişik. İnanırıq ki, tezliklə emal müəssisəsi ilə bağlı problemimiz həllini tapacaq.

-Çayçılığı bərpa etmək, onu barvermə mərhələsinə qədər çatdırmaq böyük zəhmət, vəsait tələb edir. Siz, demək olar ki, ən çətin mərhələni arxada qoymusunuz. Buna necə nail oldunuz? Gələcək planlarınız necədir?
- Həqiqətən, çay sahələrimizin inkişaf etdirilməsinə böyük vəsait sərf etmişik. Çayçılıq zəhmət, səbr tələb edən sahədir. Ailəmizin bütün daxili imkanlarını təsərrüfatın inkişafına yönəltmişik. Əvvəlcə heyvandarlıq ferması yaratmışdıq. 15 baş heyvanla fermamızın əsasını qoyduq. Hazırda onların sayı 300 başa yaxındır. Qoyunçuluq fermamız var idi. "Var idi" ona görə deyirəm ki, çayçılığı xilas etmək üçün, necə deyərlər, qoyunçuluğu "qurban" verməli olduq. Yəni bütün qoyunları satıb çayçılıq sahələrində suvarma sisteminin qurulmasının ödənilməsinə və digər xərclərə yönəltdik. Bu 10 il müddətində müvəkkil banklardan cəmi 15 min manat güzəştli kredit götürə bilmişik.

Hazırda fermamızda iribuynuzlu heyvanlar saxlanılır. Onlardan da 70 başı "Hereford" cinsdən olan heyvanlardır. Əməkhaqqı ilə bağlı və digər çətinliklər yaranan kimi heyvandarlıq ferması köməyimizə çatır. Buradan satılan heyvanların pulunu çayçılığa sərf edirik. Bu gün təsərrüfatımızda ailə üzvlərimlə birlikdə 50 nəfərə yaxın işçi çalışır. Emal müəssisəmiz hazır olandan sonra yeni iş yerlərinin artacağı şübhəsizdir. Bununla yanaşı, yeni çay sahələrinin salınması da diqqətimizdədir. Bundan sonra daha 30 hektarda yeni çay əkini keçirməyi düşünürük. Çay sahələrinin təmiri ilə bağlı hər il 0,5 hektarda tinglik salırıq. Yeni sahələrin əkini məqsədilə bu il 1 hektarda tinglik salmışıq. Yaxşı çıxışlar alınıb. Bitkilərə aqrotexniki qaydada qulluq göstərilir. Payızda taxıl əkini keçirmək üçün indidən torpağın hazırlanmasına başlamışıq. Əkiləcək sahələr bir neçə dəfə şumlanmışdır. Ümumilikdə isə, çay sahələrini 100 hektara çatdırmağı qarşımıza məqsəd qoymuşuq.

Bir daha qeyd edim ki, indiyədək gördüyümüz bütün işləri, torpağın hazırlanmasından, çay əkinindən, sahələrdə ən müasir qapalı suvarma sistemlərinin quraşdırılmasından tutmuş, təsərrüfatımızın ən müasir maşın-mexanizmlərlə təmin edilməsinə qədər öz şəxsi vəsaitimiz hesabına həyata keçirmişik. Hazırda ən başlıca problemimiz emal müəssisəsinin tikintisi ilə bağlıdır. Buna isə artıq vəsaitimiz çatmır. Bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə, SKMF-a və digər əlaqədar təşkilatlara dəfələrlə müraciət etmişik. Lakin müvəkkil bankların güzəştli kreditin iki misli dəyərində girov tələb etməsi bu məsələnin həllini çətinləşdirir. Bu səbəbdən SKMF-nin nəzdində öz investisiya bankının yaradılması daha məqsədəuyğun olardı. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir... Keçən il Kənd Təsərrüfatı İli olub. Əslində isə hər il kənd təsərrüfatı ili kimi qəbul olunmalıdır". Qarşıya çıxan çətinliklər bizi qorxutmur. Çünki biz Prezidentimizə, onun yürütdüyü siyasətə, aqrar sahənin inkişafı ilə bağlı elan etdiyi strateji xəttə və gələn hər ilin daha uğurlu olacağına inanır, daha həvəslə və ruh yüksəkliyi ilə çalışırıq.

Sonda qeyd etməliyəm ki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti on il ərzində ümumi daxili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı qarşıya hədəf qoymuşdur. Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatına MDB məkanında ən yüksək məbləğdə subsidiya ödənilməsi kənd təsərrüfatının ümumi həcmini 2000-ci ilə nisbətən 4,4 dəfə artırmağa imkan vermişdir. Bu sübut edir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindəndir və ölkə rəhbərliyi bu sahəni həmişə diqqətdə saxlayır.

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı məqsədilə elan etdiyi strateji xəttin yerinə yetirilməsi üçün Azərbaycanımızın dilbər guşəsi olan Lənkəranda çayçılığı inkişaf etdirməklə ərzaq bolluğunun yaradılmasında, ümumi daxili məhsulun artırılmasında gücümüzü sərf edəcək, dövlətimizin qarşısında duran bütün taleyüklü məsələlərin həllinə öz töhfəmizi verməyə çalışacağıq.
Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB