Azərbaycanda banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edənlərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib. SİA-nın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr Milli Məclisin bugünkü iclasında qəbul edilib.
Dəyişikliyə əsasən, məcəlləyə yeni iki bənd əlavə edilib. Belə ki, səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər on min manatdan on beş min manatadək cərimə ediləcək. İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir əlavəyə görə, digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək cərimə ediləcək.
Müzakirələrə qatılan deputat Fazil Mustafa bildirib ki, bəzən vətəndaşlar kreditin xarici və ya milli valyutada olduğunu dəqiq bilmədən sənədə imza atır və sonradan problemlər yaşayır. "Devalvasiyadan sonra insanlar banklara 1,6 milyard manat əlavə pul ödəməlidir. Banklar haqlı olaraq pulunu tələb edir, lakin vətəndaş da haqlı olaraq krediti götürdüyü zaman xarici valyutanın məzənnəsinə uyğun şəkildə ödəmək istəyir. Ölkədə 37 bank var və onların 50 faizinin kredit borclarını qaytarması ilə bağlı problemləri var. Onlara dəstək olunmalıdır. Lakin vətəndaşların da vəziyyətini yüngülləşdirməyə ehtiyac var. Problem uzun müddətdir davam edir, lakin həll olunmur. Kredit porblemləri ilə əlaqədar intiharların sayı artır, insanların əksəriyyəti ailə problemləri ilə qarşılaşır. Onları bu vəziyyətdən çıxarmaq üçün Milli Məclis də təşəbbüs göstərməlidir. Devalvasiyadan sonra yaranmış vətəndaşların kredit məsələsində ən azı qanunvericilik təşəbbüsü formasında layihələrin verilməsi vacibdir".
Məsələ ilə bağlı çıxış edən deputat Vahid Əhmədov İnzibati Xətalar Məcələsinə dəyişiklik edilməsi və cərimələrin artırılmasını dəstəklədiyini bildirib: "Devalvasiyadan sonra insanlar və banklar arasında problemlər qalmaqdadır. Yaranan problemlə bağlı geniş müzakirələrə ehtiyac var. Hətta həmkarım Əli Məsimli ilə birlikdə xüsusi təklif paketi də hazırlayıb Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Maliyyə Bazarlarına Nəzarət Palatasına eləcə də Milli məclisin sədrinə təqdim etmişik. Hazırda cavabı gözləyirik. Bank sistemində yaranmış vəziyyətlə əlaqədar bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Çünki hazırda bu sistemdə çox böyük problemlər var".
Deputat Araz Əlizadə isə qeyd edib ki, burada problemin həlli ilə bağlı müəyyən təkliflər səsləndirilsə də onlar reallaşmır: "Banklara deyil, insanların ününə ağlamaq lazımdır".
Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB