"Xarici valyutada olan kreditlərlə bağlı müvafiq qurumlara 14 səhifədən ibarət təkliflər verilib. Həmin təkliflər qəbul olunarsa, ümumiyyətlə, dollarla olan kreditlər problemi aradan qalxmaqla yanaşı, bankların sağlamlaşdırılması prosesi başlayacaq ki, bu da Azərbaycanda fəaliyyət göstərən banklar üçün böyük əhəmiyyət kəsb edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Təkliflərin Milli Məclisə, Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edildiyini deyən V. Əhmədov cavab gözlədiklərini deyib.
Onun sözlərinə görə, 8 maddədən ibarət təkliflərdə dollarla olan kreditlərin qaytarılması üçün hansı mexanizmlərin işlənib hazırlanması əksini tapıb: "Layihədə 1000, 5000 və bundan yuxarı olan dollarla kreditlərin qaytarılması üçün mexanizmlər göstərilib. Burada məqsəd problemin dördbucaq şəklində - Mərkəzi Bank, banklar, hökumət və əhali arasında bərabər bölüşdürməklə həll edilməsidir. Bunun həlli çox vacibdir. Çünki hazırda ölkədə bank sistemində böyük problemlər mövcuddur. Bankların likvidliyi, dövriyyə vəsaiti çox aşağı səviyyədədir. Hazırda kreditlərin verilməsi demək olar ki dayandırılıb. Əgər təkliflər qəbul edilərsə, sadalanan problemlər aradan qaldırılacaq. Ümumiyyətlə, Dollarla krediti olanların probleminin optimal həllinin sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir".
Qeyd edək ki, xarici valyutada verilmiş bank kreditləri ilə bağlı təkliflər Milli Məclisin üzvləri Vahid Əhmədov və Əli Məsimli tərəfindən hazırlanıb.
Məlumat üçün bildirək ki, sözügedən təkliflərdə 1000 dollara qədər ümidsiz problemli kreditlərin bağlanmasının maliyyə təminatının bankların mənfəəti hesabına həyat keçirilməsi, kredit borcu 5000 dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borcların 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan təqribən 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsini isə dövlət tərəfindən çəkilməsi, iri məbləğli borclara münasibətdə manatın dollara olan 21 fevral və ya 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn, 1,20-1,30 manat intervalında) əsas kimi götürüb, "dondurmaqla" borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, manata çevrilməsi kimi üsullar və digərləri yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB