Neftin qiymətlərində nə kimi dəyişikliklər baş verəcək? PROQNOZ

Neftin qiymətlərində nə kimi dəyişikliklər baş verəcək? PROQNOZ

Neftin qiymətlərində bu ilin sonuna qədər nə kimi dəyişikliklərin baş verəcəyi ilə bağlı proqnozlar bu gün hər kəs üçün maraqlı bir mövzuya çevrilib. Bəs real gözləntilər nədir? Doğrudanmı qiymətlərin qalxması perspektivləri varmı? Mövzu ilə əlaqədar SİA-nın suallarını cavablandıran iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, dünya bazarlarında neftin qiymətləri ətrafında son bir aya yaxın vaxt ərzində baş verənlər bu ilin ortalarından etibarən bu qiymətlərin 50-60 dollar səviyyəsində olacağını deməyə əsas verir.

Fikrət Yusifov qeyd edib ki, qiymətlərin siyasi səbəblərlə nə qədər bağlılığı olsa da ən böyük həqiqət neft hasilatıyla məşğul olan ölkələrin artıq 2 ilə yaxındır neft sənayesinə əsaslı investitsiya qoymamalarıdır: "Elə buna görə də kimin istəyindən asılı olmayaraq, neft hasilatının azalması qaçılmazdır. Bu amil də cari ilin ortalarından neftin qiymətlərinin 50 dollar həddini keçməsi ehtimalını artırır. Azərbaycanın 2016-cı il Dövlət büdcəsinin dürüstləşdirilmiş variantında neftin 1 barel üçün qiyməti 25 ABŞ dolları səviyyəsində götürülüb. Qiymətlərin bundan artıq olması isə o deməkdir ki, əlavə gəlirlər Dövlət Neft Fondunun valyuta rezervlərinin artırılmasını təmin edəcəkdir. Digər tərəfdən isə Mərkəzi Bank son bir ildə baş verənlərdən düzgün nəticə çıxarıb, özünə kifayət qədər valyuta rezervləri yarada biləcəkdir. Hər iki səviyyədə valyuta rezervlərinin artımı beynəlxalq maliyyə müstəvisində Azərbaycanın reytinqinin yüksəlməsinə və nəticə etibarı ilə ölkəyə investitsiya axınının artmasına gətirib çıxara biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə