"Növbəti 10 il Azərbaycan üçün alternativ və bərpa olunan enerji dövrü olacaq"

"Növbəti 10 il Azərbaycan üçün alternativ və bərpa olunan enerji dövrü olacaq"

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri" mövzusunda paneldə iştirak edib. SİA xəbər verir ki, çıxışına "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti və layihənin reallaşdırılması zərurəti barədə fikirlərlə başlayan energetika naziri Avropanın enerji təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb. Avropa İttifaqının enerji təhlükəsizliyini təmin etmək məqsədilə 10 il əvvəl yeni enerji resurslarının axtarışına başladığını, lakin "Nabucco" layihəsinin iflasa uğradığını xatırladıb. Belə bir vəziyyətdə Xəzər regionunun Avropaya enerji resursları çatdıracaq bir mənbə kimi müəyyənləşdiyini qeyd edib.

N.Əliyev vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" layihəsi məhz Azərbaycanın malik olduğu böyük qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması üçün vacib idi. Belə ki, Azərbaycanın 2,5 trilyon kubmetr qaz ehtiyatı var və bu ehtiyatlar 100 il müddətinə qaza olan ehtiyacın ödənməsinə kifayət edəcək. Azərbaycanın müəllifi olduğu "Cənub Qaz Dəhlizi"ni nəhəng layihə kimi qiymətləndirən Natiq Əliyev kəmərin texniki göstəriciləri barədə ətraflı məlumat verib. Bildirib ki, bu layihə ilə bağlı indiyə qədər Xəzər regionunda istifadə olunmayan texnologiyalardan istifadə ediləcək. Meşələrdən, mürəkkəb ərazilərdən keçəcək kəmər çəkiləcək. Gürcüstan, Türkiyə, Albaniya və digər ölkələrdən, dağlıq ərazilərdən və dənizdən keçən bu kəmər İtaliyaya çatacaq.

Nazir həmçinin əlavə edib ki, "Cənub Qaz Dəhlizi"nin işə düşməsi "Şahdəniz" yatağında qaz hasilatının artmasına təkan verməklə yanaşı, gələcəkdə Türkmənistan, İran və İraq qazının da Avropaya çatdırılmasında mühüm rol oynayacaq.

Nazir layihənin maliyyələşdirilməsi məsələsinə də toxunaraq bildirib ki, SOCAR-ın "Cənub Qaz Dəhlizi"nin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrdə öz payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur. Bununla yanaşı, bütün beynəlxalq maliyyə institutları da "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsində maraqlıdırlar. Neftin qiymətinin düşməsinə baxmayaraq, "Cənub Qaz Dəhlizi" vaxtında icra olunacaq və Azərbaycan qazı 2019-cu ildə Avropaya nəql olunacaq. Son dövrlər neftin qiymətində müşahidə edilən kəskin enmələri neft hasil edən ölkələr üçün yaxşı hal hesab etməyən energetika naziri həm istehsalçı, həm də istehlakçı ölkələr üçün neftin məqbul qiymətinin müəyyənləşməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı olması vəziyyəti çox davam edə bilməz: "Neftin qiymətinin düşməsi neft hasil edən ölkələrin neft ehtiyatları ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir, bu da son nəticədə neft hasilatını azaldır. Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri yavaş-yavaş artacaq. Müvafiq qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun, neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul sərf edə bilsin".

Natiq Əliyev Azərbaycanın alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı da maraqlı fikirlər səsləndirib. Nazir bildirib ki, hər bir ölkənin özünün enerji siyasəti olmalı, yalnız neft və qazdan deyil, ölkəl daxilində mövcud bütün enerji mənbələrindən istifadə edilməlidir. Bu baxımdan, Azərbaycan tarixdəki 167 il əvvəl nefti mexaniki üsulla hasil edən ənənəvi neft ölkəsi statusu ilə yanaşı, bərpa olunan enerji istehsalı üçün də əlverişli iqlimə malikdir. Belə ki, Abşeron yarımadası və digər ərazilərin çox vaxt küləkli olması və il ərzində günəşli günlərin sayının çoxluğu Azərbaycanda bərpa olunan enerjinin istehsalı üçün cəlbedicidir. Hazırda Azərbaycan İtaliya, İspaniya və digər Avropa ölkələrinin bərpa olunan enerji istehsalı təcrübəsini öyrənir. Növbəti 10 il Azərbaycan üçün alternativ və bərpa olunan enerji dövrü olacaq.

Energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri " mövzusunda keçirilən müzakirələri bu mesajla yekunlaşdırıb. Sabitlik, güclü iradə və əməkdaşlıq olacağı təqdirdə heç bir problem yaşanmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə