Zərdabın daha 2 kəndinə təbii qaz verildi

Zərdabın daha 2 kəndinə təbii qaz verildi

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.Respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. SİA-nın məlumatına görə, fevralın 19-da Zərdab rayonunun daha iki kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilib ki, ümumilikdə 327 abonenti olan Birinci Əlicanlı və İkinci Əlicanlı kəndlərinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 36357 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə