Ekspert: “Xəzər-Fars körfəzi Bosforun alternativi ola bilər” AÇIQLAMA

Ekspert: “Xəzər-Fars körfəzi Bosforun alternativi ola bilər” AÇIQLAMA

"Xəzər-Fars körfəzi kanalı fantastik layihə olsa da, gerçəkləşsə Bosforun alternativi ola bilər". Bunu SİA-ya iqtisadçı-ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, görünən reallıq onu deməyə əsas verir ki, Türkiyə ilə Rusiya arasında ikitərəfli dostluq və əməkdaşlıq dövrü bitdi: "Suriya üzərində vurulan Rusiya qırıcısı eyni zamanda mövcud və potensial çoxsaylı iqtisadi layihələri də "dəfn etdi". Bundan öncə Türkiyə tərəfindən Rusiya gəmilərini Qara dənizdə "qıfıllamaq" kimi fikirlər səsləndirilmişdir. Prezident Ərdoğan bəyan etdi ki, ölkəsi Rüsiya tərəfindən hərbi təhlükə ilə üzləşə biləcəyi üçün Bosfor və Dardanel boğazlarından Süriya üçün nəzərdə tutulan Rusiya hərbi gəmilərinin istifadəsi məhdudlaşdırılsın. Bu barədə müvafiq təşəbbüs artıq BMT-yə də ünvanlanıb. Bu məhdudiyyətdən sonra Rusiya dəniz yolu ilə müqayisədə daha məsrəfli və az effektli sayılan hava təhcizatı modelinə keçdi".

E.Əliyev deyib ki, bununla yanaşı, şəbəkədə, ideyası 19-cu əsrdə irəli sürülmüş Xəzər dənizinin Fars körfəzi ilə birləşdirilməsi layihəsi perspektivi aktiv müzakirə edilir: "Bu kanal Sueyş kanalının analoqu olmalı idi. Layihə 1889-1892-ci illərdə rüsiya mühəndisləri tərəfindən təklif edilmiş və Hind okeanına Xəzər dənizindən çıxışın əldə olunmasını nəzərdə tuturdu. İranda tikintinin hazırlıq mərhələsinin başlandığı haqqında artıq məlumatlar vardır. Layihə göründüyü üçün böyük strateji əhəmiyyətə malikdir. Onun gerçəkləşməsində bütün xəzəryanı ölkələr, o cümlədən Azərbaycan da maraqlıdır. Layihənin texniki iqtisadi əsaslandırılması bitdikdən sonra bəzi Avropa istifadəçilərinin dəniz yollarının azaldacaqlarını və bu arteriyada maraqlı olacaqları müəyyənləşəcək. Onların dəniz daşımaları üçün alternativ nəqliyyat arteriyası, Türkiyədəki ənənəvi kanallardan istifadəni və asılılığı azaldaraq, daha qənaətli loqistika imkanı yaradacaq".

O əlavə edib ki, məhz ABŞ-ın və onun satellitləri bu layihənin uzun müddət ərzində reallaşmasına maneə törədirdilər: "1997-ci ildə İrana qarşı qəbul olunmuş sanksiyalarda da məhz "antikanal" sanksiyası da öz əksini tapıb. Mümkündür ki, iddialı və cəlbedici sayılan bu layihə həyata keçirilsin. Bugün bu layihə Tehran üçün ən prioritet sayılan layihələr siyahısındadır. Onun üzərində texniki əsaslandırma işləri tam gücü ilə davam edir. Bu prosesdə maraqlı olan ölkələrin mühəndisləri də iştirak edir və kanalın istismara verilməsi tarix 2020-ci il də olacağı səsləndirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə