Bankların məzənnə fırıldağı! ARAŞDIRMA

Bankların məzənnə fırıldağı! ARAŞDIRMA

Azərbaycan Mərkəzi Bankı yanvarın 22-si üçün rəsmi valyuta məzənnələrini elan edib. Manatın dollara nisbətdə məzənnəsi dəyişməyib: 1 USD = 1,6028 AZN. Yanvarın 19-dan manatın dollara nisbətdə məzənnəsinin azalması dayansa da, Amerika valyutasının kəskin defisiti davam edir. Çox az sayda bank məhdud şəkildə - 100 dollar və ya bunun ekvivalenti olan avro məbləğində dollar və avro satır.

Lakin valyuta məzənnələrinin rəsmi şəkildə elan olunmasına baxmayaraq, banklarımızda vəziyyət tamamilə fərqlidir. Belə ki, banklar öz istədikləri şəkildə dolların alış-satışını həyata keçirirlər. Məsələn, Səbail rayonu Xəqani küçəsində yerləşən "XalqBank"-da dolların alışı 1.60, satışı isə 1.65 manat olduğu halda, bankın "28 May" metrosu yaxınlığında yerləşən filialında isə dolların alışı-satışı 1.56-1.66 dəyərində həyata keçirilir. Maraqlısı odur ki, bankın onlayn səfihəsində dolların məzənnəsi Mərkəzi Bankın rəsmi elan etdiyi formada qeyd olunub: 1.60.28.

"Bank Respublika"da isə tabloda dolların alışı 1.60.28 manat göstərilsə də, satış dəyəri göstərilməyib. Bankın Müştərilərə Xidmət Departamentindən SİA-ya bildiriblər ki, dollar alışı olmadığına görə satışını da həyata keçirə bilmirlər: "Buna görə də tabloda dolların satış dəyəri qeyd olunmayıb".

Rəşid Behbudov küçəsində yerləşən "YapıKreditBank"da isə dolların alışı Mərkəzi Bankın rəsmi elan etdiyi dəyərdən daha az göstərilib. Məsələn, dolların alışı 1.53.90, satışı isə 1.66 manatdır. Adıçəkilən bankda digər banklarla müqayisədə AVRO-nun da alış və satış dəyərində ciddi fərqlər var: 1.75-1.80.

Göründüyü kimi, banklarda xarici valyutaların alış-satışı Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə uyğun həyata keçirilmir. Valyuta dəyişmə məntəqələrində (EXCHANGE) isə vəziyyət daha kritikdir. Bir sıra məntəqələrdə dolların alışı 1.50, satışı isə 1.65,1.75 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə