"Mərkəzi Bankın kommersiya banklarına ABŞ dolları ilə krediti olan müştərilərə müvafiq yardımlar göstərməyi tövsiyə etməsi müsbət haldır. Bu bir daha onu göstərir ki, vətəndaşların kreditlə bağlı problemlərinə Mərkəzi Bank biganə yanaşmır və bu çətinliyin aradan qaldırılması üçün müvafiq yollar axtarır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Millət vəkili bildirib ki, banklar ABŞ dolları ilə kreditləri olan müştərilərlə razılığa gəlsə, yaxşı olardı: "Misal olaraq ödəniş vaxtının uzadılmasını, yəni əlavə faiz hesablanmadan ödəniş vaxtını iki dəfəyə və yaxud artıq müddətə uzatmağı göstərə bilərik. Belə olan halda vətəndaşlar kreditin ödənilməsində bir qədər yüngüllük hiss edərlər. Digər bir yandan bütün hallarda vətəndaş bankla imzaladığı müqaviləyə əsasən öhdəlikləri yerinə yetirməli, kredit borcunu ödəməlidir".
Hazırda cəmiyyətdə ən aktual sual olan əslində vətəndaş banka olan borcunu hansı məzənnə ilə ödəməlidir sualına millət vəkili cavab olaraq bildirib ki, ABŞ dolları ilə götürülmüş kreditlər ödəniş həyata keçirilən gündə dolların məzənnəsinə uyğun həyata keçirilməlidir: "Burada söhbət məzənnədən gedə bilməz. Çünki, vətəndaş müqaviləyə imza atarkən kreditini müqavilədə qeyd olunan valyuta ilə ödəyəcəyi öhdəliyini boynuna almış olur. Yəni əvvəlki məzənnə ilə kreditlərin qaytarılması mümkün deyil. Çünki bu, bank sektorunda olduqca böyük fəsadlara gətirib çıxara bilər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB