DMX yanında İctimai Şuranın iclası keçirilib FOTO

DMX yanında İctimai Şuranın iclası keçirilib FOTO

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Mövcud reqlamentə uyğun keçirilmiş iclasda Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın yarandığı gündən etibarən həyata keçirdiyi fəaliyyətlər, DMX-yə miqrasiya siyasətinin gücləndirilməsi, o cümlədən əcnəbiləri və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə işlənib hazırlanmış təkliflər və yaxın gələcək üçün iş planı müzakirə olunub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov bu təsisatın tarixinə qısa nəzər saldı və bildirdi ki, qısa müddət ərzində fəaliyyət göstərən İctimai Şura bir sıra fəaliyyətlər həyata keçirib ki, onların arasında DMX-nin rəisi Firudin Nəbiyevlə, DMX-nin rəisinin birinci müavini Pərviz Musayevlə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Azərbaycan Respublikasındakı nümayəndələrinin rəhbəri Daq Siqurdsonla, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanovla ayrı-ayrılıqda təşkil olunan görüşlər, Şuraya müraciət edən əcnəbi və sığınacaq axtaran şəxslərin problemlərinin həll olunması ilə əlaqədar tədbirlər və s. xüsusi əhəmiyyət kəsb edən işlərdən olub.

Tədbirdə xüsusilə vurğulanıb ki, son 4-5 ay ərzində İctimai Şuraya miqrantların statusu, təhsil və səhiyyə problemləri, həmçinin miqrantların qeydiyyatı ilə bağlı çox sayda müraciət daxil olmuş və həmin müraciətlərə Şuranın reqlamentinə uyğun baxılıb. Altmışdan çox miqrant üçün Azərbaycan dili kurslarının təşkil olunması, qeydiyyat məsələləri ilə bağlı miqrantlara texniki dəstəyin və humanitar yardımın göstərilməsi, miqrasiya sahəsinin ayrı-ayrı aspektləri ilə bağlı müsahibələrin verilməsi və materialların hazırlanması, miqrantlardan və onların ailə üzvlərindən ibarət fokus-qruplarla görüşlərin keçirilməsi və İctimai Şuranın xətti ilə icra olunmuş digər fəaliyyətlər barədə ətraflı məlumat verildi.

Bununla yanaşı o da qeyd olunub ki, miqrasiya sahəsində həyata keçirilən siyasətin gücləndirilməsi və bu prosesdə ictimai iştirakçılığın geniş şəkildə təmin olunması məqsədilə bir sıra təkliflər hazırlanmış və vahid sistemə salınıb. Bildirilib ki, bütün təkliflər miqrasiya sahəsində həyata keçirilən strategiyanın inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxslərin statusunun hüquqi çərçivələri və gələn miqrantların qeydiyyat prosedurları ilə bağlı yeni elementlərin müəyyən edilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq imkanlarının artırılması və İctimai Şuranın fəaliyyətinin təkmil şəkildə qurulması istiqamətləri üzrə qruplaşdırıldı. Bütün təklifləri əsasən qəbul edən Şura üzvləri həmin təkliflərin ayrı-ayrı elementlərin müzakirə etdi və onların optimallaşdırılması üzrə fikir bildiriblər.

İclasda müşahidəçi statusu ilə iştirak edən DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Nadir İsmayılov və Xidmətin digər əməkdaşları, BMTQAK-ın hüquq departamentinin nümayəndəsi Bela İsmayılova müzakirə olunan məsələlərə münasibət bildirdi və təkliflərini irəli sürdülər. İclasın sonunda KİV nümayəndələrinin verdikləri suallar İctimai Şuranın üzvləri tərəfindən ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə