Borclu vergi ödəyicilərinə qarşı tədbirlər sərtləşdirilir AÇIQLAMA
Vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergiləri (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsinə cavabdehdir. Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi borcu yaranır ki, vergi orqanları tərəfindən onların alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Bu barədə SİA-ya Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə vergi ödəyicisinə bildiriş göndərilir. Borc bildirişdə göstərilən müddətdə ödənilmədikdə, vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir. Əgər borc bundan sonra da ödənilmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakı siyahıya alınır və mövcud qanunvericiliyə uyğun olaraq, belə vergi ödəyicilərinə qarşı daha sərt tədbirlər görülür.
Məlum olduğu kimi, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda (iki min manatdan əlli min manatadək olan məbləğ) və ya külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) vergiləri ödəməkdən yayınma cinayət əməli hesab edilir.
Cinayət tərkibi yaradan məbləğdə borcu olan vergi ödəyicilərinə borc materiallarının birgə araşdırılması və onun ödənilməsi barədə çağırış vərəqələri göndərilir, borc araşdırmadan sonra da ödənilmədikdə isə cinayət tərkibi yaradan vergi borcu ilə bağlı materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə aidiyyəti üzrə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilir.
Mövcud praktika göstərir ki, vergi ödəyiciləri barəsində cinayət işinin açılması onların işgüzar nüfuzuna ciddi xələl gətirən amillərdən biri olduğuna görə, xeyli və ya külli miqdarda vergi borclarının ödənilməməsinə görə barəsində cinayət işi açılan vergi ödəyicilərinin çoxu borclarını qısa müddət ərzində dövlət büdcəsinə ödəyirlər.
Təkcə cari ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılmış, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanmışdır. Başlanmış cinayət işləri üzrə təkcə cari ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilmişdir. Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulmuş, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət büdcəsinə olan vergi borcuna görə haqqında cinayət işi açılmış vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanmasında məqsəd onlar barəsində məlumatlandırmaqdır.
Bakı şəhəri üzrə cari ilin səkkiz ayı ərzində vergidən yayınma halı üzrə barəsində cinayət işi açılmış və istintaqı yekunlaşdırılaraq ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təsdiqləndikdən sonra məhkəməyə göndərilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB