Bu kəndə ilk dəfə təbii qaz verilib

2015-ci ilin ötən dövründə "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən respublikanın 34 rayonu üzrə 140 yaşayış məntəqəsinin qazlaşdırılması başa çatdırılaraq abonentlərə "mavi yanacaq" verilib. Hazırda isə respublikanın 43 rayonunun 253 yaşayış məntəqəsinin qazlaşdırılması işləri həyata keçirilir. Bu barədə sentyabrın 3-də Xaçmaz rayonunun Hacılar kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə bildirilib.

Rayon icra hakimiyyətinin və "Azəriqaz" İB-nin nümayəndələri, ziyalılar və kənd sakinlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev hazırda Xaçmaz rayonunun daha 10 kəndinin qazlaşdırılması üçün iş aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, 109 abonenti olan Hacılar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 min 590 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

ARDNŞ-in "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev Xaçmazla yanaşı, şimal bölgəsinin Quba, Qusar və Şabran rayonlarında da qazlaşdırma işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb. Yaşayış məntəqələrinin tez bir zamanda qazlaşdırılmasının dövlətimizin başçısının qarşıya qoyduğu əsas məqsədlərdən biri olduğunu bildirən Ə.Hacıyev abonentləri təhlükəsizlik qaydalarına ciddi riayət etməyə səsləyib.

Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə