"İqtisadi baxımdan bu gün nə ərzaq, nə ekoloji, nə də digər məhsulların qiymətlərində artım gözlənilmir". Bu sözləri SİA-ya İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov sentyabrda bəzi sahələrdə gözlənilən bahalaşma ilə bağlı çıxan informasiyalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, manatın məzənnəsinin azalacağı, məhsulların qiymətində artım olacağı ilə bağlı informasiyaların yaranması cəmiyyətdə çaşqınlıq yaradır: "İki həftə öncə valyuta bazarında müşahidə edilən qiymətlər bu barədə yayılan informasiyaların yanlış olduğunu sübut etdi. Mətbuatda, sosial şəbəkələrdə bu tip məlumatların yayılması ictimaiyyətdə qiymət artımı olacağı ilə bağlı yanlış fikirlər yaradır".
İqtisadçı bildirir ki, bir müddət əvvəl ərzaq məhsullarının 30-35 faiz artacağı ilə bağlı çıxan məlumatlar kimi bu məlumatlar da əsassızdır və heç bir mənbəyə söykənmir: "Bir müddət öncə ərzaq məhsullarının qiymətinin 30-35 faiz artacağı ilə bağlı məlumatlar yayılandan sonra məlum oldu ki, heç də bu cür böyük miqyaslı artımdan söhbət getmir. Sadəcə müəyyən dərəcədə cüzi artımlar müşahidə olundu. Bu gün iqtisadi baxımdan nə ərzaq, nə ekoloji, nə də digər məhsulların qiymətlərində heç bir qiymət artımı gözlənilmir. Bu barədə heç bir halda vətəndaşların narahatçılığına zərurət yoxdur".
Vüqar Bayramov qeyd edir ki, bu tip məlumatların yayılmasından bəzi şirkətlər və sahibkarlar da ehtiyatlanır: "Bu tip dezinformasiyaların yayılması nəticəsində sifarişlərin gecikməsi və ya başqa cür hallar baş verir. Bu tip informasiyalardan bəzi şirkət sahibləri ehtiyatlanır, bəziləri isə bundan faydalanmağa çalışır. Bütün bunlar onu göstərir ki, belə hallarda maraqlı olan tərəflər də var.
Lakin yenə də, nə texnologiya məhsullarının qiymətlərində, nə də digər məhsulların qiymətlərində heç bir artım müşahidə olunmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB