Rusiya – Azərbaycan biznes- forumu keçirilib

Rusiya – Azərbaycan biznes- forumu keçirilib

Bu gün Rusiya Federasiyasının Həştərxan vilayəti Hökumətinin sədri, vitse- qubernatoru Konstantin Markelovun ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan – Rusiya işgüzar görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 40-a yaxın azərbaycanlı işadamı iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan – Rusiya əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb: "Azərbaycanda 599 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. 2014-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb. Bu gün Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrimiz mövcuddur. Həm azərbaycanlı işadamları Rusiyaya öz investisiyalarını qoyurlar, həm də rusiyalı işadamları Azərbaycanda müxtəlif sahələrə investisiya yatırıblar. Artıq 20 ildir ki, qarşılıqlı olaraq əlaqələrimiz daha da güclənib. Bizim əlaqələrimizdə təkcə enerji sektoru deyil, həmçinin qeyri – neft sektorunun sahələri əsas rol oynayır. Ticarət və mədəni əlaqələrimizdə Federasiyanın bölgələri önəmli addımlar atırlar. Bu bölgələrdən biri də Həştərxandır. Hansı ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu bölgəyə səfər etmişdi. Bu səfərdən sonra Həştərxan vilayəti ilə əlaqələrimiz daha da möhkəmlənib".

Daha sonra çıxış edən Konstantin Markelov Azərbaycanla Həştərxan vilayəti arasında tarixi əlaqələrdən danışıb: "Xəzər bölgəsində Azərbaycanla həm dost, həm də qardaş əlaqələri qurmuşuq. Rusiya – Azərbaycan münasibətlərində tarixən Həştərxan vilayətinin önəmi olub. Bu gün də regionda əlaqələrimizə diqqət etdiyimizdə, həmin tarixi qardaşlığın davam etdiyini görürük. Bu günə qədər keçirilən Xəzər sammitlərində biz həmişə Azərbaycanın fikirlərini dəstəkləmişik".

Daha sonra isə Həştərxan vilayəti haqqında qısa videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə