Vüqar Bayramov: “Əmlak bazarında qiymət artımı gözlənilmir” AÇIQLAMA

Vüqar Bayramov: “Əmlak bazarında qiymət artımı gözlənilmir” AÇIQLAMA

"Mənzillərin qiymətindəki azalmalar payız aylarınadək davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mənzillərin qiymətinin aşağı düşməsinə səbəb 2015-ci ildə qlobal və region iqtisadiyyatında baş verən böhranla əlaqədardır: "Bizim apardığımız monitorinqlər göstərir ki, son aylar mənzillərin qiymətlərində azalmalar müşahidə edilməkdədir. Yalnız aprel ayında Azərbaycanda, xüsusən də, Bakı şəhərində mənzillərin qiyməti 8% aşağı düşüb və mənzillərin qiymətinin azalması tendensiyası davam etməkdədir. Mənzillərin qiymətinin aşağı düşməsi həm manat, həm də dollarla müşahidə edilir. Mənzillərin qiymətində azalma ən çox təlabin aşağı olması ilə əlaqədardır. Bu gün mənzil bazarında satıcıların sayında azalma yoxdur, lakin alıcılar kifayət qədər azalıb. Təbii ki, bu da qiymətin aşağı düşməsinə təsir göstərir. Bundan başqa mənzilin qiymətinin aşağı düşmə səbəblərindən biri də Rusiyada baş verən böhranla bağlıdır ki, böhranın müşahidə edilməsi və Rusiyada yaşayan azərbaycanlıların xüsusən Bakı şəhərində mənzilə təlabatının az olması qiymətə təsir göstərir. Digər tərəfdən isə Rusiyada yaşayan azərbaycanlıların bir qismi Bakıdakı mənzillərini sataraq bir hissəsini investisiya kimi Rusiyaya aparıblar ki, bu da paytaxt bazarında qiymətlərə təsirini göstərir. Mənzillərin qiymətinin aşağı düşmə səbəbinin digər tərəfi isə 2015-ci ildə qlobal, eləcə də region iqtisadiyyatında baş verənlərlə əlaqədardır. 2015-ci il dünya iqtisadiyyatı üçün asan keçmir və bütövlükdə dünya iqtisadiyyatında bir yığım müşahidə edilir ki, bu da yalnız Azərbaycanda deyil, digər ölkələrdə də mənzillərin qiymətinin aşağı düşməsinə gətirib çıxarır".

Ekspert onu da vurğulayıb ki, manatın devalvasiyası mənzillərin qiymətinin azalmasına səbəb olmayıb: "Eyni zamanda neftin dünya bazarında qiymətinin azalması, mənzillərdə təlabata və eyni zamanda dövriyyədəki vəsaitin həcminə təsir göstərir. O baxımdan təbii ki, mənzillərin qiymətinin azalmasına səbəb olub. Manatın devalvasiyası mənzillərin qiymətinin azalmasına səbəb olmayıb. Çünki, mənzillərin qiyməti devalvasiyadan əvvəl aşağı düşməyə başlamışdır. Sadəcə vətəndaşların daha çox yığıma üstünlük verməsi, daşınmaz əmlaka marağın azalmasına gətirib çıxarır. Güman olunur ki, mənzillərin qiymətindəki azalmalar payız aylarınadək davam edəcək və növbəti aylarda da mənzillərin qiymətində azalmalar praqnozlaşdırılır. O baxımdan, hələlik paytaxtın əmlak bazarında qiymət artımı gözlənilmir".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə