Bakıda “G-20” Regional Məsləhət Forumu keçirilir

Bakıda “G-20” Regional Məsləhət Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə "G-20" Azərbaycan Regional Məsləhət Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Forumda aidiyyəti dövlət qurumlarının, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 140-dan çox şirkətin nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak edir. Tədbirə həmçinin, Türkiyə Respublikasının Baş nazirinin müavini Ali Babacan, Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıqlıoğlu, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (BSEC BC) səlahiyyətli nümayəndələri, Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatının, BMT-nin İnkişaf Proqramının Regional Mərkəzinin, Müstəqil Dövlətlər Birliyinin Maliyyə və Bank Şurasının nümayəndə heyətləri, Bolqarıstan, Yunanıstan və Rumıniyanın Ticarət və Sənaye Palatalarının rəhbər şəxsləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Rusiya Milli Komitəsinin nümayəndələri, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədri və vitse-prezidenti, Gürcüstan Respublikasının İşəgötürənlər Assosiasiyasının (GEA) prezidenti və digər ölkələrdən gələn nüməyəndələr Forumda salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev forumun İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin biznes təmsilçiləri üçün mühüm müzakirə platforması olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, bu tədbir həmçinin üzv ölkələrin iqtisadi əlaqələrinin genişləndirilməsi və biznes imkanlarının beynəlxalq aləmdə daha yaxşı təqdim olunması baxımından böyük əhəmiyyət kəsb edir. Məmməd Musayev bildirib ki, G20-nin üzvü olan dövlətlərin biznesə dəstək qurumlarının liderlərini birləşdirən B20 12 prioritet mövzu üzərində təşkilatlanıb (İqtisadi Siyasətlər, Maliyyə Tənzimlənməsi, Beynəlxalq Maliyyə Sistemi, Əmtəə və Xammal Məhsulları, İnkişaf və ərzaq təhlükəsizliyi, Məşğulluq və Sosial Ölçü, Antiikorrupsiya, Ticarət və İnvestisiya, İnformasiya Kommunikasiya Texnologiyası və İnnovasiya, Qlobal İdarəetmə, Enerji, Yaşıl İnkişaf ). B20-nin əsas missiyası aktual iqtisadi proseslərin, çağırışların təhlili əsasında C20-yə müvafiq tövsiyələrin hazırlanıb təqdim edilməsidir. ASK-nın prezidenti onu da qeyd edib ki, bugünkü B20 Azərbaycan Regional Məsləhət Forumunda müzakirə ediləcək aktual məsələlər Forumda iştirak edən ölkələrin ticarət, investisiya, infrastruktur, antikorrupsiya sahələrində beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarların maliyyə və məşğulluq istiqamətindəki birgə fəaliyyətinə öz töhfəsini verəcək və bu sahədə olan mövcud problemlərin mənimsənilməsinə müsbət təsir göstərəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə