Duşan Mitroviç: “Xarici investorların Azərbaycana marağı yüksəkdir” AÇIQLAMA

Duşan Mitroviç: “Xarici investorların Azərbaycana marağı yüksəkdir” AÇIQLAMA

"Sloveniyada aparılan tədqiqatlar zamanı 300 mindən çox daşınmaz əmlakın olduğu müəyyən olundu. İllik əmlak gəlirinin hesablanması zamanı bu əmlak siyahısının önəmli rolu var". SİA-nın məlumatına görə, bu sözləri Sloveniyalı ekspert Duşan Mitroviç "Azərbaycanda Daşınmaz Əmlakların Kütləvi Qiymətləndirilməsi Layihəsi"nin İctimai Təqdimatı zamanı çıxışında deyib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə ötən əsrin ortalarında əmlakın kütləvi qiymətləndirilməsi həyata keçirilmişdir: "ABŞ keçən əsrin 60 –cı illərində öz ölkəsində daşınmaz əmlakın kütləvi reyestrini aparıb. Finlandiya, Norveç, Latviya və Litva kimi ölkələr keçən əsrin 90-cı illərində daşınmaz əmlakın siyahısını tərtib edib. 4 il əvvəl isə Sloveniyada əmlakın qeydiyyatı aparılıb. Bu istiqamətdə dünyada inkişaf etmiş sistemlər tətbiq olunur. Burada əsas məqsəd, ölkədə aparılan yerli layihələr zamanı daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinin nəzərə alınmasıdır".

Ekspert Sloveniya ilə Azərbaycanı müqayisə edib. Ölkəsində bu günə qədər daşınmaz əmlakla bağlı işlərdən danışıb. Azərbaycana xarici investorların böyük maraq göstərdiyini və bunun üçün də əmlakın kütləvi qiymətləndirilməsinin vacib olduğunu ifadə edib: "Sloveniyaya gəldikdə isə, bizim ölkəmiz Azərbaycanın 5-də 1 hissəsi qədərdir. Hazırda Sumqayıtda həyata keçirilən tədbirlər kimi, biz də 2004-cü ildə bu işləri gördük. 2006-cı ildə daşınmaz əmlakla bağlı Parlamentdə qərar qəbul edildi. 2007-ci ildə alqı-satqı üzrə təhlilləri həyata keçirtdik. Bizim sistemimiz artıq 2010-cu ildə yekun olaraq təqdim olundu. Sloveniyada 2007-ci ildə binaların təxminən 50 faizi qeydə alınmamışdı. Hökümətin qərarına əsasən binaların qeydiyyatı həyata keçirildi. Bu gələcək üçün çox vacib idi. Biz bunun üçün 11 milyon avro vəsait xərclədik. 2 il ərzində 3 milyon avro vəsaitdən istifadə olundu. Ölkəmizdə əmlak aktivlərinin dəyəri ümumilikdə 125 milyard avrodur. Azərbaycana gəldikdə isə, hazırda ölkənizdə yüksək inkişaf nəzərə çarpır. Azərbaycana xarici investorların marağı yüksəkdir. Onlar əmlak bazarının sabit olduğunu görmək istəyir. Hazırda Azərbaycan olduqca mərkəzləşdirilmiş dövlətdir. Monitorinqlər aparılmalıdır ki, əmlakın dəyəri müəyyən olunsun. Ölkədə əmlak bazarının monitorinqi yüksək səviyyədə aparılmalıdır. Bununla bağlı dövlət qərar qəbul etməlidir. Biz ölkəmizdə İsveç təcrübəsindən istifadə etdik, sizin üçün də öz sistemimizi təqdim edirik. Bunun üçün də yüksək səviyyəli İP sistemi qururuq".

Bütün xəbərlər Facebook səhifəmizdə