Ekologiya İdarəsində görüş keçirilib

Ekologiya İdarəsində görüş keçirilib

SOCAR-ın Ekologiya İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ekoloji Qanunvericiliyinin və Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyaların tələblərinə əsasən Qazıməmməd-Qazax (1-ci xətt) Magistral Qaz Kəmərinin 210 kilometrlik hissəsinin yenidənqurulması layihəsi ilə əlaqədar Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanıb. Sənəd üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması məqsədilə ictimai dinləmə keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, haazırlanan ƏMTQ sənədi ilə ictimaiyyətin tanış olması üçün Ekologiya İdarəsində, Qaz İxrac İdarəsində və Ağdaş Magistral Qaz kəmərləri sahəsində məlumat yerləşdirilmişdir. Keçirilən ictimai dinləmədə maraqlı tərəflərin iştirakının təmin edilməsi üçün mətbuatda elan verilmiş və layihənin əhatə etdiyi Hacıqabul, Ağdaş, Ağsu, Göyçay, Yevlax və İsmayıllı rayonlarının İcra hakimiyyətlərinə dəvət məktubları göndərilib. İctimai dinləmədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndəliklərinin, SOCAR-ın Ekologiya İdarəsinin, Qaz İxrac İdarəsinin, "Neftqaztikinti" trestinin, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun, o cümlədən bələdiyyələrin, hökumət və qeyri hökumət təşkilatlarının, yerli icmaların təmsilçiləri iştirak ediblər. Görüş zamanı Azərbaycanın neft-qaz sənayesinin tarixi, inkişaf mərhələləri və bu sahədə əldə edilən uğurlar, beynəlxalq layihələr, regionların təbii qazla fasiləsiz təmin olunması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilib. Ekologiya İdarəsinin nümayəndələri təqdimatla çıxış edərək, 1020 millimetrlik Qazıməmməd-Qazax (1-ci xətt) Magistral Qaz Kəmərinin müvafiq hissəsinin yenidən qurulması layihəsi ilə əlaqədar hazırlanmış ƏMTQ sənədinin məqsədi, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, flora və fauna, ekoloji həssas ərazilər, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat vermişlər. Görüş zamanı ƏMTQ layihəsi ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılmış, layihə üzrə rəy və təkliflər öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə