Nicat Hacızadə: “Daha baha neft almaq məcburiyyətində qalacaqlar” AÇIQLAMA
"Neftin dünya bazarında qiymətinin getdikcə artması, neft ixrac edən ölkələrə müsbət təsir edəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, neftin dünya bazarında qiymətinin artımı, neft ixrac edən ölkələrin yenidən büdcəsinə diqqətli baxmasına imkan verəcək. Çünkü neftin qiymətinin düşməsi bəzi ixracatla məşğul olan ölkələri düşündürməyə məcbur edib: "Təbii ki neftin qiymətinin artımı, büdcəsi neftdən tam asılı olmayan və qeyri - neft sektoru inkişaf etmiş ölkələr üçün əlavə vəsait, büdcəsi neftdən asılı olan ölkələr üçün isə həm yenidən yüksək gəlirlər, həm də yenidən düşünmək şansı yaradır. Bildiyiniz kimi, elə ölkələr var ki onların büdcəsi neftdən asılıdır və neft qiymətlərinin artması onların əsas məqsədidir. Nəzərə alsaq ki, ölkəmiz bu siyahıda müəyyən paya sahibdir, bəli biz bu artıma aldanmamalıyıq. Biz artıq bir dəfə gördük ki, neft qiymətinin azalması iqtisadiyyata nə qədər ciddi təsirlər göstərə bilər. Bir sıra layihələr təxirə salındı və büdcədə kəsr yarada bildi".
Ekspert qeyd etdi ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi istehsalla məşğul olan böyük şirkətlərin siyasəti yox, böyük gücə malik ölkələrin siyasəti olub. Neftin qiymətində artım olsa da əvvəlki kimi yüksək artım gözlənilmir: "Əslində neftin qiymətinin artımını böyük neft istehsalı ilə məşğul olan şirkətlərin geri addımı kimi yox, bir sıra gücə sahib ölkələrin təsiri kimi qiymətləndirərdim. Neftin qiymətinin aşağı olmasına səbəblərdən biri tələb və təklifdirsə də, digəri də siyasi məqsədlərdir. Rusiya məsələsi də burada müəyyən rola malikdir. Amma öz ölkəmizi nəzərə alaraq demək istərdim ki, hökumət bu artıma tam inanmasın. Neftin ortalama qiymətini əvvəlki həddən aşağı tutsun. Çünki fikirləşirəm ki, bu artım olacaqsa da sürətli şəkildə olmayacaq. 1 addım geri 2 addım qabağa strategiyasına uyğun olacaq"
Nicat Hacızadə onu da vurğuladı ki, artıq dünyanın güclü ölkələri də neftin qiymətinin aşağı olması ilə razılaşa bilmirlər. Çünkü dünya iqtisadiyyatında tarazlıq pozulur: "Nəzərə alsaq ki, dünyanın əsas güc strukturları, neft şirkətləri, neft hasilatı ilə məşğul olan ölkələrdədir, onlar da maraqlı deyil ki neftin qiyməti aşağı olsun. Çünkü bu onlara da müyyən təsir edəcək. Əsas problem idxal edən ölkələrdə yenidən yaranacaq ki, onlar daha əvvəlki kimi ucuz qiymətə yox, daha baha qiymətə neft almaq məcburiyyətində qalacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB