İlham Şaban: “Proses təkcə Azərbaycanda deyil, bütün dünyada gedir” AÇIQLAMA

İlham Şaban: “Proses təkcə Azərbaycanda deyil, bütün dünyada gedir” AÇIQLAMA

"Neft sənayesində ixtisarlar Yanvar ayının əvvəlindən gedir. İxtisarlar həm neft şirkətlərində, həm neft şirkətlərinə xidmət edən servis şirkətlərində, həm də təchizat şirkətlərində bütün sferalarda artıq davam edir. İlin birinci rübünün sonuna qədər də bu proses yəqin ki yekunlaşacaq". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, ölkəmizdə özəl şirkətlərdə bəzi ixtisarlar nəzərə çarpır. Bu ixtisarların dövlətə heç bir təsiri yoxdur. Bu proses təkcə Azərbaycanda deyil bütün dünyada gedir: "İxtisar aparan özəl şirkətlərdir, onların dövlətə aidiyyatı yoxdur. Özlərinin büdcələri var, özlərinin mövcud şəraitinə uyğun olaraq bizneslərinin qurulmasını 2015-ci ildə aparacaqları strategiyaya uyğun hərəkət edirlər. Yəni iş azalır, qiymət düşür, faktiki olaraq bu gün qiymət 50 faiz düşüb, onlar da məcbur olub xərcləri azaldırlar. Xərcləri azaltdıqda isə adətən onun 1/3 hissəsi onun əmək haqqı fonduna təsir edir. Buna görə də ixtisarlar baş verir. Yəni bu proses təkcə Azərbaycanda deyil, bütün dünyada gedir".

Ekspert həmçinin qeyd etdi ki, ARDNŞ-də bəzi ixtisarlara başlayıb. Azərneftyağ zavodunun bağlanılaraq Heydər Əliyev adına neftayırma zavodu ilə birləşdirilməsi zamanı birincinin işçiləri test imtahanı ilə yenidən işə götürüləcək: "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də artıq ixtisar məsələsinə başlayıb. Artıq Yanvar ayının 1-dən Azərneftyağ zavodunun Heydər Əliyev adına neftayırma zavodu ilə birləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar olaraq, fevralın 3-də həmin iki zavodun birləşdirilməsinə start verildi. Birləşmə prosesi paralel strukturların ləğvi deməkdir. İlk növbədə rəhbərlik səviyyəsində ixtisarlar həyata keçirilir. Daha sonra isə digərləri gəlir. ARDNŞ tərəfindən elan olundu ki, test imtahanı keçiriləcək. Azerneftyağ zavodunun işçiləri bu imtahanda dərəcələndiriləcək. İmtahandan keçə bilməyənlər isə vəzifələrindən azad olunacaq. Bu zaman Azərbaycanın Əmək Məcəlləsinə uyğun olaraq hərəkət ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə