Stepan Qriqoryan: “Ermənistan Rusiya üçün maraqsız tərəfə çevrilib” İTTİHAM

Stepan Qriqoryan: “Ermənistan Rusiya üçün maraqsız tərəfə çevrilib” İTTİHAM

"Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünün fəsadları hər gün artacaq". SİA "armtoday"-a istinadən xəbər verir ki, bu fikirləri keçirdiyi mətbuat konfransında Regional qloballaşma analitik mərkəzinin prezidenti Stepan Qriqoryan ölkəsinin bundan sonrakı iqtisadi taleyini proqnozlaşdırarkən deyib. Onun sözlərinə görə, Ermənistanın AİB-ə üzvlüyünün bir ayı tamam olmamış, artıq bu gün neqativ təsirlərin "ilk qaranquşları" görünməkdədir: "Məsələn, sərhəddə bir çox ixrac malları və məhsulları yığılıb-qalıb. Çünki həmin mallara və məhsullara Rusiyanın Rostov şəhərində sertifikatlar verilməlidir. Demək belə çıxır ki, bizim sahibkarlarımız öz mallarını ixrac etməkdən ötrü, tonlarla məhsulları Rostova daşımalıdırlar ki, oradan ixrac sertifikatları alsınlar. Bu məsələ həll edilməsə, növbəti problemlər yaşanmağa başlayacaq".

Qriqoryan Ermənistanın AİB-ə üzvlüyündən sonra, bank sistemində də problemlərin yarandığını bildirib.

O, eyni zamanda qeyd edib ki, erməni tərəfi Rusiya ilə enerji razılaşması ətrafında əldə olunmuş daha öncəki sazişə yenidən baxılması üçün məsələ qaldırmalı idi. Eyni zamanda nəqliyyat xərcləri ilə bağlı komnpensasiya məsələsi də müzakirə olunmalıydı. O, buna misal kimi, Qırğızıstanın AİB-ə üzv olarkən, həmin məsələni qaldırdığını və müsbət yöndə həll olunduğunu bildirib. Qriqoryan hesab edir ki, Ermənistan hakimiyyəti bu və bu kimi digər problem yaradacaq amilləri AİB-ə üzv olmamış müzakirə etməliydi. Ekspert Rusiyanın Ermənistana qarşı qeyri-ciddi yanaşdığını da istisna etməyib: "Rusiyanın məqsədi Avrasiya İqtisadi Birliyinin genişlənməsində maraqlıdır. Biz o təşkilata üzv olduqdan sonra artıq Rusiya üçün maraqsız tərəfə çevrilmişik".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə