Nazir müavini: “İqtisadi artım 4,4 faiz proqnozlaşdırılır”

Nazir müavini: “İqtisadi artım 4,4 faiz proqnozlaşdırılır”

"Azərbaycanın dünyanın ən rəqabətli 40 ölkə içərisində yer alması iqtisadiyyatın inkişafının göstəricisidir". SİA-nın məlumatına görə, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Beynəlxalq Valyuta Fondunun son hesabatına istinad edən nazir müavini bildirib ki, inkişaf etməkdə olan ölkələr üzrə artım tempi 5 faiz təşkil edəcək: "Bu proqnozların reallaşmasında bir sıra risklərin olması gözlənilir. Bura Avrozonadakı infilyasiya, borclanma və işsizlik səviyyəsinin aşağı düşməsi daxil olacaq. İnkişaf etməkdə olan ölkələr üzrə əsas risk kimi Çində iqtisadiyyatın zəifləməsi, kapitalın axını, Ukraynadakı vəziyyət göstərilir. Dünya iqtisadiyyatında risklər nəzərə alınaraq, Azərbaycanın orta müddət üçün makro-iqtisadi sabitliyi və dayanıqlığı davam edəcək. Növbəti il üçün manatın məzənnəsi sabit olacaq və inflyasiya 2,3 faiz olacaq".

S.Həsənova, neftin qiymətinin dəyişməsi səbəbindən digər ssenarilərin də nəzərdə tutulduğunu vurğulayıb: "Gələn il Cənub Qaz Dəhlizi kəmərinin çəkilməsi, ölkənin müstəqilliyini bir qədər də möhkəmlənməsinə səbəb olacaq. Xidmət sahələrində keyfiyyətin prioritetliyi saxlanılacaq".

Nazir müavini, ölkədə turizm sənayesinin inkişaf etdirildiyini və yeni otellər inşa olunduğunu diqqətə çatdırıb: "Xarici ticarətdə gəlirlərin 16,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Gələn ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun gəlirləri gələn il 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66 faizdən 2018-ci ildə 71.3 faizə çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə