Valeh Ələsgərov: "Neftin qiymətinin düşməsindən narahat olmaq lazım deyil"

Valeh Ələsgərov: "Neftin qiymətinin düşməsindən narahat olmaq lazım deyil"

"Son zamanlar neftin qiymətinin aşağı düşməsindən narahat olmağa dəyməz". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentdə komitələrin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu cür hallar dünya təcrübəsində tez-tez müşahidə olunur: "Məsələn, son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dünyada 160-dan artıq layihə dayandırılıb. Vaxtilə 1998-99-cu illərdə də neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bir çox layihələr dayandırılmışdı. Ancaq hesab edirəm ki, bunlar müvəqqəti hallardır. Ona görə də burada siyasi məqamlar yoxdur. Siyasi məqamlar 2002-ci ildə ABŞ-ın İraqa girməsindən sonra aradan çıxdı. Burada daha çox bir-biri ilə bağlı olan məqamlar var ki, neftin qiymətinin aşağı düşməsinə səbəb olur. Amma dediyim kimi, bundan narahatçılıq keçirməyinə dəyməz. Bu gün neftin qiyməti düşübsə, sabah onun qiyməti yenə də 100-110 dollar, hətta ondan da artıq olacaq. Bizim də xeyli ehtiyatlarımız var. Əsas odur ki, ondan ağıllı və səmərəli şəkildə istifadə edə bilək. Bunun üçün də həm ağlımız, həm də savadımız var".

Qeyd edək ki, 2015-ci il Dövlət büdcəsi layihəsində 1 barel neft 90 dollar həcmində nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə