Cahangir Qocayev: "Əsas kapitala 10 milyard manat xərclənib"

Cahangir Qocayev: "Əsas kapitala 10 milyard manat xərclənib"

Bu gün BakuBuild 20-ci Yubiley Azərbaycan beynəlxalq "İnşaat", 6-cı Beynəlxalq "İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji" və 7-ci Xəzər Beynəlxalq "Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri" sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Azərbaycan respublikası Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev, İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon, BakuBuild sərgisinin meneceri Maya Qafarlı və Aqua-Therm Baku sərgisinin meneceri Rəşad Qədimov iştirak ediblər.

İlk olaraq çıxış edən İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroona bildirib ki, iyirmi il ərzində sərgi həm azərbaycanlı, həm də xarici istehsalçılar üçün tikinti bazarında bələdçi olmaqla yanaşı, sənayenin bir çox hazırkı liderləri üçün başlanğıc platformasına çevrilib. Bu il sərgidə 29 ölkədən 490 şirkət iştirak edək. Cənab Stroon həmçinin, 20 ildə sərginin keçirilməsində onlarla əməkdaşlıq edənlərə və media nümayəndələrinə öz minnətdarlığını bildirib.

Daha sonra Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev sərginin Azərbaycan iqtisadiyyatının inkişafında oynadığı rolundan, yeni iş yerlərinin açılmasında yaratdığı şəraitdən danışıb: "İndiyə qədər 10 milyard manata yaxın vəsait əsas kapitala xərclənib. Bu il isə bu məbləğ 3% artıb. Rayonlarda investisiya kapitalının həcmi Bakıdan daha çox olub. Həmin kapital daha da inkişaf edərək 5-10 dəfə artıb".

BakuBuild sərgisinin meneceri Maya Qafarlı isə sərgi haqqında ətraflı məlumat evirib. O bildirib ki, sərgidə dünyanın tanınmış brendlərinin nümayəndələri iştirak edəcək. İlk dəfə olaraq Yaponiya istehsalı olan "vulkan tozu" təqdim olunacaq. Bu sərgidə təqdim olunan məhsulların 46%-i Azərbaycan şirkətlərinin, 48%-i isə bazara yeni qədəm qoyan şirkətlərin payına düşür.

Aqua-Therm Baku sərgisinin meneceri Rəşad Qədimov "Aqua-Therm Baku 2014" sərgisində dünyanın 16 ölkəsindən 80 şirkətin iştirak edəcəyini, iştirakçıların 57%-ni debütantlar təşkil etdiyini deyib. O qeyd edib ki, sərgidə ən çox Türkiyə məhsulları təqdim olunacaq ki, bu məhsulların 25%-ni təşkil edir.

Qeyd edək ki, sərgi 22-25 Oktyabr tarixləri arasında keçiriləcək. "BakuBuild" sərgisi "Aqua-Therm Baku" və "CİPS Caspian" sərgilərini ehtiva edən "Xəzər İnşaat Həftəsi" start verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə