Elman Nəsirov: “Ukrayna böhranı tənzimlənərsə, neftin dünya bazarında qiymətinin aşağı düşməsi aradan qalxa bilər” Açıqlama

Elman Nəsirov: “Ukrayna böhranı tənzimlənərsə, neftin dünya bazarında qiymətinin aşağı düşməsi aradan qalxa bilər” Açıqlama

"Ukrayna böhranı prinsip etibarilə beynəlxalq münasibətlər sisteminə təsir edir. İndiki dünya bazarında neftin qiymətinin aşağı düşməsi haqqında obyektiv səbəblərlə yanaşı subyektiv səbəblərdən danışarkən məhz Ukrayna böhranının adı qeyd olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Elman Nəsirov deyib.

O, Ukrayna məsələsində Azərbaycanın mövqeyindən danışaraq, ölkənin ərazi bütövlüyü çərçivəsində problemə yanaşıldığını vurğulayıb: "Ukrayna problemi istər istəməz dövlətlərarası münasibətlərə təsirsiz qalmır. Belə vəziyyətdə Azərbaycanın hansı mövqeyi məsələsinə gəldikdə isə, ölkə təbiiki bu böhranın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tərəfdarıdır. Bu mövqe beynəlxalq hüquqa söykənir və heç bir dövlətin əleyhinə yönəlməyib. İlk növbədə Azərbaycan öz ərazisi Ermənistanın təcavüzünə məruz qaldığından, dövlətimiz Ukrayna böhranının məhz ərazi bütövlüyü çərçivəsində həlli ideyasını dəstəkləyir. Hesab edirəm ki, heç bir tərəf Azərbaycanın mövqeyindən narazı qalmamalıdır. Yerlər dəyişərək Ukrayna Rusiya torpaqları ilə bağlı məlum addımı atsaydı, bu halda Azərbaycan tərəfi Rusiyanın mövqeyini müdafiə edəcəkdi. Burada əsas məsələ dövlət yox, prinsiplərdir. İstənilən halda Azərbaycanın bu mövqeyi nəzərə alınır və ölkənin bu mövqeyi anlaşılandır".

Dünya neft bazarında önəmli sözə malik olan Kuveyt dövlətinin apardığı siyasətdən danışan politoloq, Rusiyanın bu vəziyyətdən zərər çəkəcəyinin qaçınılmaz olduğunu burğulayıb: "Günümüzdə 1 dollar 87–89 Rus rublu civarındadır. Artıq Küveyt dövləti 1 barel neftin qiymətini 76–77 dollar arasında saxlamaq haqqında qərar qəbul edib. Bu o deməkdir ki, proseslər belə davam edərsə ilk növbədə bundan daha çox Rusiya zərər çəkəcək. Rusiyanın ehtiyyat fondunda 3,5 trilyon rubl pul var və hesab olunur ki, belə bir pul onu ancaq 1 vəya 2 il müddətinə qiymətin düşməsi vəziyyətindən çıxarda bilər. Rusiyanın mərkəzi bankının apardığı hesablamalara görə, Rusiya üçün həddindən artıq ciddi problemlər yaranacaq. Rusiyada pensiyaların verilməsi sahəsində ciddi problemlər yarana bilər ki, bu da ölkədə sosial böhranı labüd edir. Bu vəziyyətdə dünya bazarında neftin qiymətinin kəskin düşməsinin qarşısını almaq üçün hansı mexanizmlər lazımdı sualına cavab axtarsaq hesab edirəm ki, bu Ukrayna böhranında kompromisə getmək ola bilər. Yəni, qərblə Rusiya bu məsələdə kompromisə gedərsə, Ukrayna böhranı tənzimlənərsə neftin dünya bazarında qiymətinin düşməsi, eyni zamanda Rusiyaya qarşı sanksiyalar aradan qalxa bilər".

Neftin qiymətinin Azərbaycana hansı təsirlər edəcəyindən və bunun qarşısının alınması istiqamətində hansı addımların atılacağından danışan Elman Nəsirov bunları qeyd edib: "Azərbaycan Prezidenti Nazirlər Kabinetində keçirdiyi toplantıda ilin 9 ayının yekunları ilə bağlı qeyd etdi ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycana da müəyyən təsir edə bilər. Baxmayaraq ki, Azərbaycanın 53 milyard dollarlıq valyuta ehtiyyatları var. Bu müəyyən müddətə yeridilən iqtisadi və sosial siyasətdə dəyişikliklərə gətirib çıxarda bilər. İstənilən halda bu məsələ bütün dünyanı əhatə edəcəksə, neft və qazla bağlı gəlirlərdə enmə tendensiyası müşayiət olunacaqsa təbii ki, bu Azərbaycandan da yayınmayacaq. Amma elə etmək lazımdır ki, ölkəmiz bu labüd vəziyyətdən az məsrəflərlə çıxsın. Əsas məqsəd bu gün bundan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə