Ruslan Atakişiyev: “Proqram əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına gətirib çıxaracaq”

Ruslan Atakişiyev: “Proqram əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına gətirib çıxaracaq”

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq bu layihənin üçüncü mərhələsidir və əvvəlki mərhələlərin daha da inkişaf etdirilməsinə yönəlib". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.

O bildirib ki, bu proqram əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına gətirib çıxaracaq: "Regionlarda sahibkarlıq müəssisələrinin yeni formalarının açılması, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, bu sahibkarların informasiya və kommunikasiya vasitələrinə çıxışı, beynəlxalq əlaqələrinin genişləndirməsi, həmçinin, kənd və ferma təsərrüfatının inkişaf etdirilməsi məsələlərində bu proqram böyük əhəmiyyətə malikdir".

İqtisadçı qeyd edib ki, proqram həmçinin işsizliyin aradan qaldırılmasına da öz müsbət təsirini göstərəcək: "Bu proqramın həyata keçirilməsi ilə yeni sahələrin yaranması, kənd təsərrüfatında müasir tələblərə uyğun olan təsərrüfat subyektlərinin formalaşması artıq regionlarda peşə təhsilinin inkişafı istiqamətində atılmış addımlardan biridir. Bu da ona gətirib çıxarır ki, regionlarda əhali peşə təhsili almaqla yeni ixtisas əldə etmiş olurlar və beləliklə, həmin ixtisas sayəsində yeni açılan şirkətlərdə iş yeri tapmaq imkanı əldə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə