Musa Quliyev: “Azərbaycan iqtisadiyyatı rəqabətə davamlılıq reytinqində 38-ci olub”

Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 144 ölkə arasında 38-ci olub. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son illər yüksək templə irəliləyir: "Bu inkişafın arxasında Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət dayanır. Bunu artıq biz yox, bütün dünya etiraf edir. Heç də təsadüfü deyildir ki, "iqtisadi inkişafın Azərbaycan modeli" deyilən bir termin ortaya çıxıb. Dünyanın bir çox ölkələrinin iqtisadiyyat institutları Azərbaycanın iqtisadi uğurlarını öyrənir, araşdırır və Beynəlxalq Valyuta Fondu vasitəsilə müəyyən ölkələrə də tövsiyə edirlər. Bu da bizim beynəlxalq imicimiz üçün böyük uğurdur. Həmçinin bu, ölkə vətəndaşlarının iqtisadi rifah halının yüksəlməsinə daim xidmət edəcək. 90-cı illərin sonları, 2000-ci ilin əvvəllərində söyləyirdilər ki, "Dollar sindromu yaşanacaq, Azərbaycan tam olaraq neftdən asılı ölkəyə çevriləcək, neftin qiymətinin artıb-azalması ilə bağlı Azərbaycan iqtisadiyyatı müəyyən olunacaqdır". Cənab prezidentin uğurlu siyasəti göstərdi ki, bunların hamısı uydurmadan başqa bir şey deyil. İlham Əliyevin 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadiyyatın şaxələnməsi siyasətini irəli sürdü və bu siyasətin əsas məqsədlərindən biri də neft sektorundan gələn gəlirlərin bir hissəsini, qeyri-neft sektorunun inkişafına qoyulmasıdır. Bu da Azərbaycanın bütün ərazilərinin harmonik inkişafını təmin etməsidir. Bununla əlaqədar olaraq dövlət proqramı qəbul olunub. Artıq 3-cü Dövlət Proqramı fəaliyyətə başlayır və uğurla davam etdirilir. Əsas qayə isə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının təmin etmək, regionların iqlim şəraitinə, iqtisadi potensialına, insan amilinə uyğun olaraq iqtisadiyyatın müəyyən sahələri inkişaf etdirmək siyasətidir. Artıq Azərbaycan aqrar sektorda nəinki özünü tam təmin etmək cəhətdən, dünyanın müxtəlif ölkələrinə aqrar məhsulların ixracını həyata keçirir. Eyni zamanda Azərbaycandan ekoloji təmiz məhsulların ixracı da uğurla davam etdirilir. Azərbaycan məhsulları dünyanın bir çox ölkələrinin bazarlarında tələb olunur və iqtisadiyyatımız turizm sahəsindən kifayət qədər gəlir götürən ölkələrin siyahısına düşüb. Bura təkcə daxili turizm deyil, həmçinin xarici ölkələrin vətəndaşları regionlarımıza böyük maraq göstərirlər. Xarici turistlər yay və qış turizm məkanlarına müraciət edirlər. Onu da deyim ki, Azərbaycanın enerji təminatının həyata keçirilməsi ilə Azərbaycan nəinki özünü tam təmin edir, hətta başqa ölkələrə də enerji satır. Azərbaycan iqtisadi amilinin ən mühüm şərtlərindən biri elmi-texniki tərəqqinin nailiyyətlərinə yiyələnmək və son uğurları ölkədə tətbiq etməkdir. Deyə bilərik ki, informasiya-kommunikasiya sistemi Azərbaycanda sürətlə inkişaf etdirilməsi, ölkəmizin süni peykinin artıq orbitə çıxarılması və Azərbaycan dünyanın 11-ci kosmos dövlətinə çevrilməsi faktıdır. Cənab Prezident Azərbaycan gənclərini dünyanın ən aparıcı Universitetlərində oxumaları, ən son elmi nailiyyətləri öyrənməli və ölkəmizdə tətbiq edilmələri üçün hər cür şərait yaradır. Bununla əlaqədar olaraq 2008-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilini dövlət tərəfindən maliyyələşməsi proqramı da mövcuddur. Ümumiyyətlə təhsillə bağlı ölkədə 30-dan çox proqram qəbul olunub. Bu da Azərbaycan iqtisadiyyatının gələcəkdə də daha yüksək templə davam etməsinə zəmin yaradır. Bu iqtisadi inkişafın kökündə insan faktoru dayanır. Azərbaycanda ildən-ilə əmək haqlarının, pensiyaların artması, vətəndaşların böyük əksəriyyətinin zəmanət kassalarında vəsaitlərin olması o deməkdir ki, artıq insanlar gəlirlərini tələbatlarına xərcləyib, yerdə qalanını zəmanət kassalarına qoyurlar. Onu da xüsusilə diqqətinizə çatdırım ki, Azərbaycan mədəniyyət, səhiyyə, idman sahəsində əldə edilən uğurlar Cənab Prezidentin düzgün apardığı siyasətinin nəticəsidir".

Qeyd edək ki, Ümumdünya İqtisadi Forumu (ÜİF) makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə, Azərbaycan ilk onluğa daxil olaraq 9-cu pillədə qərarlaşıb. Hesabata görə, əmək bazarının effektivliyə əsasən Azərbaycan 33-cü yerdə mövqe tutur. İnnovasiya potensialının göstəricilərinə görə, Azərbaycan 72-ci, texnologiya səviyyəsinə görə, 56-cı, təsisatların keyfiyyətinə görə, 60-cı yerdə dayanır.

Azərbaycan rəqabətə davamlılıq indeksinə görə, artıq 6 ildir ki, MDB ölkələri arasında liderdir, daha sonra Qazaxıstan (50-ci yer), Rusiya (51-ci yer), Gürcüstan (69-cu yer), Ukrayna (76-cı yer), Ermənistan (85-ci yer) gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...