Ekspert: "Avro-4" standartının tətbiqi üçün texnoloji yenilik lazımdır"
"Hazırda Azərbaycanda "Avro-4" standartına cavab verə bilən benzin istehsal olunmur". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, bu standartın tətbiqi təkcə kifayət qədər kapital tələb edən məsələ deyil: "Bu tip benzinin əldə olunması üçün maddi vəsaitlə yanaşı texnoloji yenilik də lazımdır. "Avro-4" standartına cavab verən benzinin istehsal edilməsi üçün ölkəmiz yeni avadanlıqlar idxal etməli və onların tətbiqinə başlamalıdır".
Ekspert Azərbaycanda "Avro-3" standartının tətbiqinin başa çatması məsələsinə də münasibət bildirib: "Azərbaycanda ekoloji cəhətdən daha yaxşı mühit yaradılması üçün dövlət proqramı icra olunur: Burada respublika üzrə idxal olunan avtonəqliyyat vasitələrinin dərəcəsinin yüksəldilməsi və yanacağın keyfiyyətinin artırılması nəzərdə tutulur. Proqrama uyğun olaraq ölkədə "Avro-3" standartı tətbiq olunub və bu tətbiq uğurla başa çatıb. Bu ekoloji standart idi və onun tətbiqi ətrafa buraxılan zərərli maddələrin qarşısının alınması məqsədini daşıyıb".
Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin yanvarın 1-dən "Avro-3", aprelin 1-dən isə "Avro-4" standartına uyğun gəlməyən avtomobillərin ölkəyə idxalı qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB