“Sığortaolunanın onlayn uçota alınması” elektron xidmət istifadəyə verilib
Bu gün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu növbəti "Sığortaolunanın onlayn uçota alınması" adlı elektron xidməti istifadəyə verib. SİA-nın verdiyi xəbərə görə, bununla yanaşı keçirilən təqdimat mərasimində DSMF sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasia texnologiyaların uğurlu tətbiqi nəticəsində hazırda Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərinn sayı 19-a çatdırılıb. Keçən il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də elektron hökumət portalı (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Ötən il ən çox istifadə olunan elektron xidmətlər sırasına "Sığorta olunanlara məlumatların verilməsi", "Sığorta edənin uçot nömrəsinin öyrənilməsi", "Pensiya kalkulyatoru", "Pensiyaçıya məlumatların verilməsi" daxildir.
Bundan başqa, "Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi" elektron xidməti də ən çox müraciət edilən xidmət olub və bu xidmət vasitəsilə 560 976 ödəniş həyata keçirilib.
Ötən ilin 11 iyul tarixindən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılması vasitəsilə 1200-dən çox vətəndaşa pensiya təyin edilib.
E.Mehdiyev vurğulayıb ki, "Elektron hökumət" portalının statistikasına əsasən, ötən il Fondun elektron xidmətləri əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. İl ərzində bu portala inteqrasiya olunan elektron xidmətlərdən 132 minə yaxın vətəndaş yararlanıb: "Cari il ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir".
Daha sonra DSMF sədri ictimaiyyətə təqdim olunan "Sığorta olunanın onlayn uçota alınması" adlı yeni xidmət barədə məlumat verərək vurğulayıb ki, bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür.
Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığorta edən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığorta olunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaqdır. E.Mehdiyev bildirmişdir ki, prosesin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin, həm vaxt itkisinin aradan qalxmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
Tədbirdə DSMF-nin yeni elektron xidmətdən istifadə qaydaları nümayiş etdirilib.
Bildirilib ki, "Sığorta olunanın onlayn uçota alınması" elektron xidməti interaktivdir, xidmətdən istifadə ödənişsizdir və elektron xidmətin göstərilməsi hər hansı sənəd tələb olunmur. Elektron xidmətdən istifadə üçün sığorta edən https://www.e-gov.az internet ünvanına daxil olur, "Sığorta olunanın onlayn uçota alınması" elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir.
Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığorta edənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığorta edən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığorta olunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi bir ay ərzində rəsmiləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB