"Qarşıdan gələn bayramlarla əlaqədar olaraq təşkil olunacaq yarmarkalarda qiymətlər bazar qiymətlərindən 20-30% aşağı olacaq". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, bayram ərəfəsində yarmarkaların sayı və bazara çıxarılan məhsulun çeşidi çox olacaq: "Bununla bağlı olaraq, rayon icra hakimiyyətləri ilə xüsusi olaraq danışıqlar aparırıq ki, bayram ərəfəsində istehlak olunan məhsulların çeşidi artırılsın və süni qiymət artımlarına yol verilməsin. Qeyd edim ki, təşkil olunacaq yarmarkalarda ət və süd məhsullarının, sitrus meyvələrinin çeşidi çox olacaq. Yarmarkalarda qənnadı məhsulları, şirniyyat, o cümlədən konserv və digər ərzaq məhsulları da çoxluq təşkil edəcək. İlk öncə bazarlarda satışa çıxarılan məhsulların qiymətlərlə bağlı monitorinqlərə start veriləcək. Aparılan monitorinqlər nəticəsində həm bazarlarda, həm də yarmarkalarda qiymət artımlarına yol verilməyəcək. Hazırda Yasamal rayonunda təşkil olunan yarmarkada qiymətlərlə, həmçinin satılan məhsulların çeşidləri ilə bağlı monitorinqlər aparırıq. Burada təşkil olunan yarmarkada qoz, fındıq kişmiş və şabalıd kimi məhsullar üstünlük təşkil edir. Qeyd edim ki, keçirilən bu yarmarkada mal ətinin qiyməti 5 manat 50 qəpik təşkil edir. Bundan başqa, Azərbaycanda yetişdirilməyən banan, ananas kimi meyvələrin qiymətində də artım olması gözlənilmir".
Xatırladaq ki, yeni il ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları keçiriləcək. Yarmarkalar İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB