Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80%-dək artırmaq niyyətindədir

Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80%-dək artırmaq niyyətindədir

"Azərbaycan iqtisadiyyatına 156 milyard ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da təqribən yarısı xarici investisiyalardır. Ümumi investisiyaların 65%-i qeyri-neft sektoruna yönəldilib". SİA-nın xəbərinə görə, "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində Vilnüs şəhərində keçirilən 2-ci Şərq Tərəfdaşlığı Biznes Forumunda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi və bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq barədə sualı cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkədir, biznes və investisiya mühitinin davamlı olaraq daha da yaxşılaşdırılması iqtisadi siyasətin prioritetlərindəndir. Nazir qeyd edib ki, 2008-ci ildən başlayaraq qeyri-neft sektoruna xarici investorlar tərəfindən yatırılan investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaları üstələyib: "Belə ki, son 5 ildə qeyri-neft sektoruna qoyulan xarici investisiyalar neft sektoruna qoyulan investisiyaları hər il orta hesabla 17% qabaqlayıb. Təkcə 2012-ci ildə qeyri-neft sektoruna yatırılan xarici investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaların həcmindən 25% çox olub. Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şərait yaradılıb, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Azərbaycanda sabitlik, o cümlədən makroiqtisadi sabitlik mövcuddur, ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılır, inzibati prosedurlar sadələşdirilir, şəffaf mexanizmlər tətbiq olunur, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülür".

Şahin Mustafayev bildirib ki, Azərbaycan əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir: "2020-ci ilə qədər Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80%-dək artırmaq niyyətindədir. Ölkəmizdə investisiya qoyuluşu üçün prioritet sahələr qeyri-neft sənayesi, kənd təsərrüfatı, İKT və turizmdir. Bu məqsədlə heç şübhəsiz ki, xarici investiyalardan da istifadə olunacaq. Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayə qoyan ölkələr arasında Avropa Birliyi ölkələrinin payı 36,5% təşkil edir. Bunlar əsasən Böyük Britaniya, Niderland, Almaniya, Fransa və İtaliyadır. Avropa İttifaqının 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə isə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb və bu istiqamətdə tədbirlər davam etdirilir. Bütün bunlar isə gələcəkdə də Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə