Osman Gündüz: “Dərs zamanı mobil telefonlardan istifadə yol verilməzdir”

Osman Gündüz: “Dərs zamanı mobil telefonlardan istifadə yol verilməzdir”

"Mobil telefonlardan şagirdlər səmərəli istifadə etsələr, əslində, bu, onlar üçün olduqca yaxşıdır". SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz belə deyib.

Onun sözlərinə görə, mobil telefondan böyüklərlə yanaşı, yeniyetmələr və məktəblilər də istifadə edir: "Valideynlərin məktəblilərlə əlaqə qurması bir tərəfdən zəruridir. Digər tərəfdən isə bu məktəbdə tədris prosesinə mane olur və bunun qarşısını almaq lazımdır. Dünya praktikasında bunun qarşısını almağın bir sıra yolları var. Belə ki, xarici ölkələrdə də şagirdlər telefonu məktəbə gətirə bilərlər. Lakin bir şərtlə ki, mobil telefonlar məktəbdə istifadəsinin qarşısını almaq mümkün olsun. Bu prosesdə isə hər bir məktəbin fərqli yanaşma tərzi var. Dünya təcrübəsində bu prosesi müşahidə etsək görərik ki, belə hallar üçün məktəblərin müxtəlif şəraitləri var. Belə ki, bu məktəblərdə şagirdlərin hər birinin şəxsi balaca şkafları olur. Onlar mobil telefonlarla məktəbə gəlir, dərs prosesinin sonuna kimi həmin mobil telefonları orada qoyurlar. Lakin elə məktəblər var ki, mobil telefon istifadəsinə qadağa qoyub. Belə məktəblərdə telefon saxlanılmasına şərait yoxdur. Belə olan təqdirdə şagird mobil telefondan istifadə etməməlidir. Bizim ölkəmizdə də məktəblərdə iş rejimi belə qurulub. Lakin bu prosesə təkcə məktəb rəhbərliyi və müəllimlər deyil, valideynlərdə nəzarət etməlidir. Valideynlərə məsləhət görərdim ki, övladlarına özəllikləri geniş olan mobil telefonlar almasınlar. Bir sözlə, burada məktəb və cəmiyyət özü birlik nümayiş etdirməlidir. Sanitar- gigiyenik norma cəhətdən də mobil telefonlar şagirdlərə mənfi təsir göstərir. Müntəzəm olaraq istifadə isə insan sağlamlığına ciddi zərər vurur. Ancaq bu telefonlar uşaqların intellektual biliyinə, onların inkişafına da kömək edə bilər. Bu telefonlarda Azərbaycan dilində tətbiqlər olarsa, bu da uşaqlar üçün faydalı olar".

Osman Gündüz qeyd edib ki, ölkəmizdə uşaqların internet təhlükəsizliyinin qorunması ilə də bağlı ciddi addımların atılmasına ehtiyac var: "Biz bu prosesdə iştirak edirik. Müntəzəm olaraq internetdən istifadə insan sağlamlığına zərər vurur".

Bütün xəbərlər Facebook səhifəmizdə