Ziyad Səmədzadə: "Dövlət büdcəsinin həcmi son dövrlərdə 7 dəfə artıb"

Ziyad Səmədzadə: "Dövlət büdcəsinin həcmi son dövrlərdə 7 dəfə artıb"

"2020-ci ilə qədər Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2 dəfə artacaq". SİA-nın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Xəzər Avropa Klubunda iş adamları ilə görüşdə belə deyib.

Onun sözlərinə görə, bu artım qeyri-neft sektorunun inkişafı və bu sektorda əldə olunan gəlirlər hesabına baş verəcək.

Rəsmi qeyd edib ki, ölkənin dövlət büdcəsinin həcmi son dövrlərdə 7 dəfə artıb. Ziyad Səmədzadə bildirib ki, Azərbaycan bu gün oturuşmuş iqtisadiyyata malikdir: "Bəzən bizə irad tutulur ki, sizin büdcəni sürətlə artırmağınız inflyasiya ilə nəticələnəcək. Lakin bu heç də belə deyil. Əgər biz büdcə gəlirlərini və büdcə xərclərini sürətlə artırmasaydıq, Azərbaycanda bu qədər inkişaf olmazdı".

Bu gün Azərbaycan iqtisadiyyatının maliyyə təminatının olduğunu deyən komitə sədri qeyd edib ki, hazırda Azərbaycan bir çox Avropa ölkələri ilə iqtisadi əməkdaşlıq edir: "Ölkədə müəyyən edilən sosial- iqtisadi proqramların hər biri nəzərdə tutulan səviyyədə yerinə yetirilir. İndi Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilir. Bu, məhz düşünülmüş siyasətin nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə