“Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri”

“Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri”

Mərkəzi Bank cari ilin sentyabr ayından başlayaraq "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun keçirilməsinə başlayıb. Bankdan SİA-ya verilən məlumata görə, sorğunun nəticələri əsasında İstehlakçı İnam İndeksi və İnflyasiya gözləntiləri indeksi hesablanır. Sorğuda iştirak edən respondentlər (4250 ev təsərrüfatı) ölkənin bütün regionlarını əhatə etməklə respondentlərin gəlir səviyyəsinə, məşğuliyyət növünə, iş rejiminə, təhsilinə, yaşına və cinsinə görə təsnifləşdirilib.

"Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun keçirilməsi üçün metodoloji baza kimi Avropa Komissiyası tərəfindən qəbul edilən "The Joint Harmonised EU Programme of Business and Consumer Surveys", İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Statistika departamenti tərəfindən hazırlanan "Business Tendensy Surveys: A Handbook" metodoloji təlimatlarından və eləcə də bu işə hazırlıq dövründə İsveçrənin SEKO təşkilatının dəstəyi ilə iqtisadi konyunkturun müşahidəsilə məşgul olan KOF İnstitutunun (İsveçrə) texniki dəstəyindən istifadə edilib.

Sorğunun nəticələri xarici təcrübədə ən geniş istifadə olunan "balans metodu" ilə qiymətləndirilib ("Balans metodu" – pozitiv cavablar ilə neqativ cavablar arasındakı fərqdir). Alınan fərq komponent üzrə hər hansı bir təzahürü xarakterizə edən indeks adlanır və bazis bəndi ilə qiymətləndirilir. Pik nöqtələrinə yaxınlaşma komponent üzrə meylin güclənməsini və ya zəifləməsini əks etdirir.

Sorğunun nəticəsinə görə sentyabr ayında İstehlakçı inam indeksi 30,01 bazis bəndi səviyyəsində hesablanıb. Bu, indeks beynəlxalq təcrübədə kifayət qədər yüksək hesab olunur və istehlakçıların gözləntilərinin, əhval-ruhiyyəsinin optimist olmasını əks etdirir. Eyni zamanda respondentlər gələcək aylarda inflyasiyanın aşağı səviyyədə gözlədiklərini də bildiriblər.

Ev təsərrüfatları arasında bu sorğunun mütəmadi keçirilməsi nəzərdə tutulur. Bu sorğuların nəticələri inflyasiyanın və digər makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılmasında istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə