Bolqarıstan şirkətləri Azərbaycan bazarına çıxmaq niyyətindədir

Bolqarıstan şirkətləri Azərbaycan bazarına çıxmaq niyyətindədir

Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında olub. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycanda diplomatik fəaliyyət göstərməsindən şərəf duyduğunu dilə gətirən səfir Maya Hristova Bolqarıstan və Azərbaycan iqtisadiyyatı arasında körpü yaratmaq niyyətində olduğunu qeyd edib.

Səfir bildirib ki, 1998-ci ildən Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRASECA) iştirak edir. Azərbaycan və Bolqarıstan həmçinin, regional təşkilat olan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edir. 2009-cu ildə Azərbaycanla Bolqarıstan arasında iqtisadi sahələri əhatə edən önəmli sənədlər imzalandığını dilə gətirən səfir Azərbaycan Respublikasının Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında imzalanan əməkdaşlıq Memorandumun müstəsna rolundan da söz açıb.

Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan M.Hristova bildirib ki, iqtisadi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün hər iki ölkədə böyük potensial var. O, qeyd edib ki, bütün bu sənədlərə baxmayaraq iqtisadi-ticarət əlaqələri, həmçinin iş adamları arasında əməkdaşlıq arzuolunan səviyyədə deyil.

Azərbaycanda 500 000-dək sahibkarın fəaliyyət göstərdiyini deyən ASK-nın prezidenti Məmməd Musayev də bu təşkilatın üzərinə düşən məsuliyyətdən söhbət açıb. O bildirib ki, 70-dək assosiasiya ASK-nın üzvüdür, konfederasiya sahibkarların hüquqlarını müdafiə edən təşkilatdır.

Azərbaycanla Bolqarıstan arasında iqtisadi əlaqələrə toxunan Məmməd Musayev həmçinin sözügedən ölkənin iş adamları ilə qarşılıqlı əməkdaşlığa hazır olduqlarını dilə gətirib. O, ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən bolqar iş adamlarına ASK tərəfdən hər zaman lazımı kömək göstərəcəyinə də söz verib.

ASK-nın prezidenti onu da qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. ASK-nın prezidenti bolqarıstanlı iş adamlarını fəal əməkdaşlığa və müştərək fəaliyyətə dəvət edib. Bolqarıstan şirkətlərinin real layihələrlə müraciət etmələrinin vacibliyini, yerli bazarda onların rəqabətə davam gətirməyə qadir olduqlarına əmin olduğunu dilə gətirib.

İki ölkə sahibkarlarının birgə, işgüzar fəaliyyəti, səmərəli əlaqələri, qarşılıqlı əməkdaşlığı üçün ASK-nın əlaqələndirici mövqe tutacağını əminliklə qeyd edən Məmməd Musayev vurğulayıb ki, müxtəlif çeşidli, keyfiyyətli Bolqarıstan məhsullarına Azərbaycanda müştəri problemi olmayacaq.

Qeyd edək ki, görüşdə ölkələrimiz arasında əlaqələrin, o cümlədən enerji, infrastruktur və digər istiqamətlərdə real inkişaf üçün potensial imkanların mövcudluğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə