2014-cü ilin dövlət büdcəsinin xərcləri 20 milyarddan çox olacaq

2014-cü ilin dövlət büdcəsinin xərcləri 20 milyarddan çox olacaq

"Cari ilin 8 ayı ərzində dövlət büdcəsinin gəlirləri 106, 1%i, yəni 12 milyard 890 milyon manat məbləğində icra olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17, 3 faiz çoxdur". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov çıxışında bildirib.

Onun sözlərinə görə, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin xərcləri 93, 3 faiz səviyyəsində, yəni 11 milyard 623 milyon manat icra olunub ki, bu da 2012-ci ili müvafiq dövrü ilə müqayisədə 19, 5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur: "2014-2017-ci illər üzrə makroiqtisadi göstəricilər, o cümlədən gələn il ÜDM-in 5,2 faiz həcmində artırılması, qeyri-neft ÜDM-in 10 faizlik artım sürəti əsas götürülüb. Dövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti isə 100 ABŞ dolları səviyyəsində qəbul edilib. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələ kimi qəbul edilib".

Maliyyə naziri, həmçinin qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat, 2012-ci ili faktiki göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyo manat nəzərdə tutulur: "2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin praqnozu ilə müqayisədə 7 faiz artacaq. Dövlət Neft Fondundan edilən transfer nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan praqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulur. Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfer nəzərdə tutulur. Yəni transferin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Gələn ildə Vergilər nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin praqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük komitəsində dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma praqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur".

"2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində olacaq. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi isə və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək" - deyə nazir çıxışına əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə